Avropada bu yay ard-arda baş verən rekord isti hava dalğaları ciddi insan tələfatına səbəb olub. İlkin məlumatlara görə, qitədə ən azı 35 min nəfər normadan artıq ölüm halları ilə əlaqələndirilir. Ekspertlər yekun statistika açıqlanandan sonra bu rəqəmin əhəmiyyətli dərəcədə artacağını gözləyirlər.
Qaynarinfo xəbər verir ki, bu barədə " The Guardian" yazıb.
Məlumata görə, yalnız Almaniya, Fransa və İspaniyada istilərlə əlaqəli əlavə ölümlərin sayı artıq 25 mini keçib. May ayından etibarən Qərbi Avropanı bürüyən ardıcıl istilər yüzlərlə meteoroloji stansiyada temperatur rekordlarının yenilənməsinə səbəb olub.
Ən ağır vəziyyət Almaniyada qeydə alınıb. Ölkənin Robert Kox İnstitutunun məlumatına əsasən, 6 aprel–9 avqust tarixləri arasında isti hava təxminən 14 min insanın ölümünə səbəb ola bilər.
Xüsusilə iyunun 22–28-də vəziyyət kritik olub. Həmin bir həftə ərzində təxminən 9 600 əlavə ölüm qeydə alındığı bildirilir.
Bu, Almaniyada yüksək temperaturla əlaqəli ölümlərin statistikası aparılmağa başlandığı vaxtdan bəri ən yüksək göstəricidir. Əvvəlki antirekord 2018-ci ildə qeydə alınmış və isti hava təxminən 8 900 insanın ölümünə səbəb olmuşdu.
İspaniyada may ayından avqustun sonuna qədər istilərlə əlaqəli 4 947 ölüm müəyyən edilib. Beləliklə, 2026-cı il ölkə tarixində isti hava səbəbindən ən çox ölümün qeydə alındığı il olub. Əvvəlki rekord 2022-ci ildə 4 520 ölüm təşkil edib.
Fransada isə mayın sonundan iyulun 22-dək gözləniləndən 7 300 daha çox ölüm qeydə alınıb. Ölkədə 500-dən çox meteoroloji stansiyada temperaturun 40 dərəcəni keçdiyi, müəyyən dövrdə isə təhlükəli istilərlə bağlı xəbərdarlıqların Fransanın ərazisinin 98 faizini əhatə etdiyi bildirilib.
İtaliyada yekun statistika hələ açıqlanmayıb. İlkin modelləşdirmələrə görə, yalnız iyunun 22–28-də ölkədə adi göstəricidən təxminən 2 700 daha çox ölüm baş verib.
Epidemioloqlar yekun hesablamadan sonra isti hava ilə əlaqəli ölümlərin sayının 5-8 min arasında ola biləcəyini düşünürlər.
İngiltərədə may və iyun aylarındakı istilərin təxminən 2 877 ölümə səbəb ola biləcəyi hesablanır.
Belçikada iyunun 18–29-u arasında əlavə ölüm hallarının sayı təxminən 1 222, Niderlandda isə iyunun 22-dən iyulun 5-dək 900-dən çox olub.
Polşada iyunun sonundakı istilər zamanı təxminən 1 070 əlavə ölüm qeydə alınıb. İsveçrədə isə həmin həftə istilərlə əlaqəli 220 əlavə ölüm müəyyən edilib.
Ümumilikdə, bu yay Avropada 80 milyondan çox insanın yaşadığı ərazilərdə temperatur 40°C-dən yuxarı olub.
Mütəxəssislər bildirirlər ki, yüksək temperatur çox vaxt ölüm şəhadətnaməsində birbaşa ölüm səbəbi kimi göstərilmir. İsti hava ürək-damar və tənəffüs sistemi xəstəliklərini ağırlaşdıra, həmçinin insult, infarkt və böyrək çatışmazlığı riskini artıra bilər.
Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, Avropa regionunda istilərlə əlaqəli ölüm halları son 20 ildə 30 faizdən çox artıb. Alimlər iqlim dəyişiklikləri və əhalinin yaşlanması fonunda bu tendensiyanın daha da güclənəcəyini proqnozlaşdırırlar.
Aydın
Şərhlər