Sloveniya Üzgüçülük Assosiasiyasının keçmiş prezidenti ASF-də fəaliyyətə başlayıb
Azərbaycan Üzgüçülük Federasiyasının (ASF) təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin (GİN), Milli Olimpiya Komitəsinin (MOK), eləcə də Beynəlxalq Olimpiya Komitəsinin (BOK) Olimpiya Həmrəyliyi proqramının dəstəyi ilə üzgüçülük təhsili və yerli mütəxəssislərin hazırlanmasına dair bir sıra istiqamətlərin inkişaf etdirilməsi məqsədi ilə Boro Ştrumbelj əməkdaşlığa cəlb olunub.
2019-2024-cü illərdə Sloveniya Üzgüçülük Assosiasiyasına rəhbərlik etmiş Boro Ştrumbeljin kurasiyası ilə məşqçi və hakimlərin sertifikasiyası və lisenziyalaşdırılması, Azərbaycan İdman Akademiyasında tədris prosesinin təkmilləşdirilməsi və “Üzməyi Öyrənək” layihəsinin inkişafı istiqamətində işlər aparılacaq.
Qeyd edək ki, Lyublyana Universitetinin İdman fakültəsinin dosenti olan Boro Ştrumbelj idman elmi, idman diaqnostikası, suda təhlükəsizlik və məşqçi hazırlığı sahələrində geniş təcrübəyə malikdir. O, Avropa Su İdmanı Federasiyasının “Üzməyi Öyrənək” Komissiyasının sədri və həmsədri kimi fəaliyyət göstərib, hazırda isə Sosial Məsuliyyət Komissiyasına rəhbərlik edir.
Beynəlxalq ekspert təcrübəsinin Azərbaycan üzgüçülüyünə cəlb olunması mütəxəssis hazırlığı sisteminin və bu idman növünün gələcək inkişafı naminə mühüm addımlardan biridir.
Şərhlər