XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

"14-cü yer bizim üçün siqnal olmalıdır" - Ramil Məmmədzadə
İdman13:42 25.08.2026

"14-cü yer bizim üçün siqnal olmalıdır" - Ramil Məmmədzadə

Azərbaycanın U-19 boksçuları Avropa çempionatında bir gümüş və bir bürünc medal qazanaraq komanda hesabında 14-cü yeri tutub. Yarışın nəticələri ilə yanaşı, Azərbaycan boksunun hazırkı vəziyyəti və qarşıda duran məsələlər də müzakirə mövzusudur.

Boks üzrə məşqçi, MR.Boxer idman platformasının rəhbəri Ramil Məmmədzadə Qaynarinfo-ya çempionatın nəticələrini, Əli Baxışov və Banuçiçək Nəsirlinin çıxışlarını, eləcə də Azərbaycan boksunda gördüyü problemləri dəyərləndirib.

– Ramil müəllim, Azərbaycan U-19 Avropa çempionatını 1 gümüş və 1 bürünc medalla başa vurdu. Nəticəni necə qiymətləndirirsiniz?

– Əvvəlcə Əli Baxışovu və Banuçiçək Nəsirlini təbrik etmək lazımdır. Əlinin gümüş, Banuçiçəyin isə bürünc medal qazanması Azərbaycan boksu üçün yaxşı nəticədir. Belə böyük yarışda medal qazanmaq asan deyil. Amma nəticəyə yalnız medalların sayı ilə baxmaq düzgün olmaz. Azərbaycanı çempionatda 13 boksçu – 10 oğlan və 3 qız təmsil edirdi. Ona görə ümumi mənzərəni də qiymətləndirmək lazımdır.

– Komanda hesabında 14-cü yer tutmağımız sizi qane edir?

– Açığı, tam qane etdiyini deməzdim. İki medalımız var və buna sevinirik, amma 14-cü yer göstərir ki, qarşıda görüləsi işlər çoxdur. Bizim potensialımız daha yüksəkdir. Bir-iki idmançının nəticəsi ilə ümumi mənzərəni yaxşı göstərmək olmaz. Komandanın daha çox üzvü son mərhələlərə qədər gedə bilməlidir.

– Sizcə, əsas problem nədədir?

– Bir səbəb göstərmək düzgün olmaz. Boksçunun hazırlığı yalnız yarışdan bir neçə ay əvvəl başlamır. Uşaq yaşlarından düzgün texnika, fiziki hazırlıq, psixoloji hazırlıq və yarış təcrübəsi formalaşdırılmalıdır. Bunlardan hansısa biri zəifdirsə, Avropa səviyyəsində bu özünü göstərir. Bizdə istedadlı uşaqlar kifayət qədərdir. Əsas məsələ həmin istedadı sistemli şəkildə nəticəyə çevirməkdir.

– Əli Baxışovun gümüş medalını necə dəyərləndirirsiniz?

– Əlinin çıxışını müsbət qiymətləndirmək lazımdır. Finala qədər gəlib çıxmaq özü böyük göstəricidir. Bu, onun düzgün istiqamətdə olduğunu göstərir. İndi əsas məsələ bu nəticədən sonra dayanmaq deyil. Gümüş medal başlanğıc olmalıdır. Əli daha böyük nəticələr üçün işləməlidir.

– Banuçiçək Nəsirlinin bürünc medalı haqqında nə deyə bilərsiniz?

– Banuçiçəyin nəticəsini də müsbət qiymətləndirmək lazımdır. Ötən il o, Avropa çempionatında gümüş medal qazanmışdı. Bu il isə ondan qızıl medal gözləyirdik. Təəssüf ki, bu dəfə bürünc medalla kifayətləndi. Amma bu, onun potensialını dəyişmir. Əksinə, qarşıdakı yarışlarda daha yaxşı nəticə göstərməsi üçün motivasiya olmalıdır. Qadın boksunda rəqabət getdikcə artır və Banuçiçəyin də daha böyük uğurlar qazanacağına inanıram.

– Deməli, nəticəyə həm müsbət, həm də tənqidi yanaşırsınız?

– Bəli. İki medal var – bunu kiçiltmək olmaz. Amma eyni zamanda çatışmazlıqları da deməliyik. Tənqid inkişaf üçün lazımdır. Əgər 14-cü yeri tutmuşuqsa, “hər şey yaxşıdır” deyib keçmək düzgün olmaz. Nəyə görə bəzi boksçularımız erkən mərhələlərdə mübarizəni dayandırdı, hansı hazırlıq çatışmazlıqları oldu – bunlar təhlil edilməlidir.

– Son vaxtlar sizinlə Boks Federasiyası arasında müəyyən gərginlik olduğu barədə fikirlər səslənir. Hətta federasiyanın sizi az qala “vətən xaini” elan etdiyi barədə iddialar da var. Bu nə dərəcədə doğrudur?

– Açığı, bunlar boş söhbətlərdir. Mən müəyyən məsələlərlə bağlı tənqidi fikirlər səsləndirmişəm və bunu da gizlətməmişəm. Tənqid etmək federasiya ilə düşmən olmaq demək deyil. Mənim məqsədim Azərbaycan boksunun inkişafıdır. Haradasa problem görürəmsə, onu deməyi özümə bor bilirəm.

Mənim federasiyada heç kimlə şəxsi problemim yoxdur. Əgər kimsənin mənimlə problemi varsa, yaxşı olar ki, olmasın. Çünki kin saxlamaq insanın özünə zərərdir, sağlamlığa da yaxşı təsir etmir. Mənim heç kimə qarşı şəxsi qərəzim yoxdur.

Xüsusilə də guya federasiyanın məni “vətən xaini” elan etməsi kimi fikirlər tamamilə əsassızdır. Mən belə bir yanaşma görməmişəm. Düşünürəm ki, mənim federasiya ilə bağlı tənqidi fikirlərimdən istifadə edən, bundan öz maraqları üçün yararlanmağa çalışan insanlar ola bilər. Yəni mənimlə federasiya arasında guya böyük bir qarşıdurma varmış kimi görüntü yaradıb, bundan öz işlərini qurmaq istəyənlər ola bilər. Mən belə oyunların içində deyiləm.

Tənqid varsa, açıq şəkildə deyirəm. Razılaşmadığım məsələ varsa, onu da bildirirəm. Bundan sonra da belə olacaq. Amma bunu şəxsi müstəviyə keçirmək və federasiya ilə aramızda olmayan bir qarşıdurma yaratmaq düzgün deyil. Bizim əsas mövzumuz boksdur. Mənim üçün də əsas məsələ budur ki, Azərbaycan boksu inkişaf etsin və nəticələrimiz daha yaxşı olsun.

– Qarşıdakı dövr üçün əsas gözləntiniz nədir?

– Əsas istəyimiz odur ki, bu uşaqların heç biri yolda qalmasın. Bu gün U-19-dadırlar, sabah böyüklər arasında yarışacaqlar. Əgər indidən düzgün sistem qursaq, bir neçə ildən sonra Avropa və dünya səviyyəsində daha çox medal görə bilərik. İndiki nəticə bizi sevindirir, amma eyni zamanda daha çox işləməli olduğumuzu da göstərir.

Aydın