Xəbər lenti

8 liflə zəngin məhsul: Lobyadan daha faydalı hesab edilən qidalar
Sağlamlıq 08:45 11.07.2026

8 liflə zəngin məhsul: Lobyadan daha faydalı hesab edilən qidalar

Amerikalı diyetoloq və qidalanma üzrə tədqiqatçı Loren Manaker lif tərkibi yüksək olan, lakin sağlam qidalanmaya diqqət yetirən insanların çox vaxt nəzərindən qaçan məhsulların siyahısını hazırlayıb. 

Qaynarinfo xəbər verir ki, bu barədə o, "Prevention" nəşrində dərc olunan məqaləsində bildirib.

Mütəxəssisin sözlərinə görə, insanların əksəriyyəti lifi yalnız lobya ilə əlaqələndirir. Halbuki qadınlar üçün gündəlik tövsiyə olunan lif norması 25 qram, kişilər üçün isə 38 qramdır və bu göstəriciyə müxtəlif məhsullar hesabına rahatlıqla çatmaq mümkündür.

Siyahıda ilk yeri mərcimək tutur. Bir stəkan bişmiş mərcimək 15,6 qram lif ehtiva edir və quru lobyadan fərqli olaraq əvvəlcədən isladılmasına ehtiyac yoxdur.

Noxud da yüksək göstəriciyə malikdir və bir stəkanında 12,5 qram lif var. Yaşıl noxud isə 8,8 qram lif ehtiva edir. Dietoloq yaşıl noxudu gündəlik istifadə üçün dondurucuda saxlamağı tövsiyə edir.

Taxıllar arasında ən yaxşı nəticəni bulqur göstərib. Bir stəkan bulqur 8,2 qram lif ehtiva edir, tez bişir və salatlarda formasını yaxşı saxlayır.

Tərəvəzlər arasında artişok seçilir. Bir orta ölçülü artişok təxminən 7 qram lif təmin edir.

Giləmeyvələr də gözlənilməz şəkildə lif baxımından liderlər sırasında yer alıb. Bir stəkan moruq 8 qram, böyürtkən isə 7,6 qram lif ehtiva edir. Qabığı ilə birlikdə yeyilən orta ölçülü armud isə rasiona əlavə 5,5 qram lif qazandırır.

Loren Manaker vurğulayıb ki, gündəlik lif normasına çatmağın əsas yolu qida rasionunun müxtəlifliyini təmin etməkdir.

Aydın

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->