AfD lideri kansler vəzifəsinə namizədliyini irəli sürərkən Almaniya-Rusiya münasibətlərini bərpa edəcəyinə söz verir
Almaniyada ifrat sağçı "Almaniya üçün Alternativ” (AfD) partiyasının lideri Alise Veydel ölkənin Rusiya ilə münasibətləri bərpa etməli olduğunu və hakimiyyətə gəldiyi halda enerji sahəsində əməkdaşlığın yenidən qurulacağını bildirib.
Qaynarinfo-nun məlumatına görə, "Reuters" agentliyinə müsahibəsində Alise Veydel qeyd edib ki, AfD yaxın aylarda iki mühüm federal əyalətdə keçiriləcək seçkilərdə qalib gələ və bu nəticələr partiyanın 2029-cu ildə keçiriləcək ümumxalq seçkilərinə qədər kansler postuna doğru irəliləməsi üçün mühüm mərhələ ola bilər.
O, Almaniyanın ucuz Rusiya enerjisinə qayıtmasının vacibliyini vurğulayaraq bildirib ki, bu resurslar əvvəllər ölkə iqtisadiyyatının inkişafında mühüm rol oynayıb: "Bu enerjinin itirilməsi bizi illərlə geriyə saldı. Yüz minlərlə iş yeri itirildi. Biz ABŞ-dan daha baha qiymətə enerji almağa məcbur olduq".
AfD lideri bu açıqlamaları sentyabrda Saksoniya-Anhalt və Meklenburq–Ön Pomeraniya federal əyalətlərində keçiriləcək seçkilər ərəfəsində verib. Sorğulara əsasən, partiya həmin regionlarda öndə mövqe tutur. Analitiklərin fikrincə, AfD-nin mümkün qələbəsi partiyanın federal səviyyədə siyasi təsirini artıraraq gələcəkdə hökumətə daxil olma imkanlarını gücləndirə bilər.
Qeyd olunur ki, Almaniyanın şərq bölgələrində seçicilərin bir hissəsi Rusiya ilə münasibətlərin yumşaldılmasına daha müsbət yanaşır və ABŞ-a qarşı daha tənqidi mövqe sərgiləyir.
Almaniya rəsmiləri AfD-ni artıq ifrat sağçı təşkilat kimi qiymətləndirib və bu qərar xüsusi xidmət orqanlarına partiya üzərində daha geniş nəzarət imkanı verib. Hökumət daxilində isə partiyanın qadağan olunması ilə bağlı çağırışlar da səslənir.
Bununla belə, AfD son aylarda Almaniya siyasi reytinqlərində güclü mövqeyini qorumaqda davam edir və daxili siyasətdə Rusiya ilə daha yaxın əlaqələrə dair mesajlarını gündəmdə saxlayır.
Aydın
Şərhlər