Avropa iqtisadiyyatı rekord istilərin mənfi təsirlərini hiss etməyə davam edir. Temperatur rekord səviyyələrə çatdıqca, şərab istehsalçıları məhsul itkisini və artan xərcləri hesablayırlar.
Qaynarinfo xəbər verir ki, bu barədə "The Wall Street Journal” nəşri yazır.
Almaniyanın qərbində, Reyn vadisinin yamaclarında yerləşən üzüm bağında altı nəsildir rislinq şərabı istehsal edən Tilbert Neqler bildirib ki, isti hava üzüm məhsulunu təhlükə altına salır və 2026-cı il məhsulu üçün xərcləri artırır.
"Bu mövsüm yağıntının az olması səbəbindən şərab istehsalının həcminin azalacağını gözləyirik. Məhsul yığımına isə planlaşdırıldığından təxminən bir həftə əvvəl başlayacağıq", deyə Neqler bildirib.
Onun sözlərinə görə, Reyn çayında su səviyyəsinin azalması da əlavə problemlər yaradır. Mərkəzi Avropanın əsas nəqliyyat və logistika marşrutlarından biri olan çayda yükdaşımaların bahalaşması şərab istehsalçılarının xərclərini artırır. Bundan əlavə, onlar yüksək temperatur şəraitinə uyğunlaşmaq üçün suvarma sistemlərini yeniləməli ola bilərlər.
"Kopernik” İqlim Dəyişikliyi Xidmətinin məlumatına görə, ötən ay Qərbi Avropada yer səthinə yaxın hava temperaturu 1991–2020-ci illərin orta göstəricisini təxminən 3 dərəcə üstələyib.
Beynəlxalq Valyuta Fondunun qiymətləndirməsinə əsasən, ekstremal hava hadisələri illik iqtisadi artımı 0,1–0,2 faiz bəndi azalda bilər. Xüsusilə güclü istilər və quraqlıqlar isə bu göstəricini müvafiq olaraq 0,5 və 1 faiz bəndinədək aşağı sala bilər.
Reyn hövzəsində istilərin təsiri yalnız şərabçılıq sahəsi ilə məhdudlaşmır. Su səviyyəsinin aşağı düşməsi gəmiçiliyə və logistika sektoruna da mənfi təsir göstərir. Eyni zamanda, yüksək temperatur əmək məhsuldarlığının azalmasına səbəb olur.
Son günlər Avropada rekord istilər elektrik enerjisi təchizatında fasilələrə, məktəblərin bağlanmasına və yeni temperatur rekordlarının qeydə alınmasına səbəb olub. Yüksək temperatur həm yerli sakinlərin, həm də turistlərin gündəlik həyatına təsir göstərib.
Bəzi ölkələrdə dəmir yolu nəqliyyatında məhdudiyyətlər tətbiq olunub, spirtli içkilərin satışı qadağan edilib və bir sıra turizm məkanları müvəqqəti bağlanıb.
Bundan əlavə, isti hava İtaliyanın məşhur "Parmezan" pendirinin istehsalına da təsir göstərir. Məhsulun istehsalı üçün tələb olunan iqlim şəraitini qorumaq məqsədilə istehsalçılar əlavə xərclərlə üzləşirlər.
Aydın
Şərhlər