Alimlər Yerin 60 milyon ildən artıq müddətdə iqlim tarazlığını necə qoruyub saxladığını müəyyən ediblər. Araşdırmaya görə, bu prosesdə dəniz səviyyəsi, okeandakı fosfatın miqdarı və dəniz dibində karbonun toplanması arasında mövcud olan təbii əlaqə mühüm rol oynayıb.
Qaynarinfo xəbər verir ki, tədqiqatın nəticələri "Proceedings of the National Academy of Sciences" elmi jurnalında dərc olunub. Alimlərin fikrincə, dünya okeanının səviyyəsində baş verən dəyişikliklər planetin iqliminə birbaşa təsir göstərib.
Araşdırma göstərir ki, bu mexanizmin əsas elementi dəniz canlıları üçün həyati əhəmiyyət daşıyan fosfatdır.
Dəniz səviyyəsi yüksək olduqda geniş dayaz şelflər fosfatı dib çöküntülərində saxlayırdı. Nəticədə açıq okeana daha az qida maddəsi daxil olur, dəniz orqanizmlərinin sayı azalır və dəniz dibində toplanan üzvi karbonun miqdarı aşağı düşürdü. Bu isə atmosferdə karbon qazının (CO₂) artmasına və iqlimin istiləşməsinə səbəb olurdu.
Əksinə, dəniz səviyyəsi aşağı düşdükdə okeana daha çox fosfat daxil olurdu. Bu da dəniz həyatının canlanmasına, ölmüş orqanizmlərin tərkibindəki karbonun böyük hissəsinin dib çöküntülərində toplanmasına şərait yaradırdı. Beləliklə, atmosferdən daha çox CO₂ çıxarılır və planet tədricən soyuyurdu.
Alimlərin hesablamalarına görə, bu təbii mexanizm dəniz səviyyəsi müasir göstəricidən 10–40 metr yüksək olduğu dövrlərdə ən səmərəli şəkildə işləyib. Həmin şəraitdə dəniz dibində maksimum həcmdə karbon toplanıb və bu proses milyonlarla il ərzində qlobal istiləşməni məhdudlaşdırmağa kömək edib.
Tədqiqat müəllifləri hesab edirlər ki, bu təbii dövran Yer iqliminin həyat üçün əlverişli qalmasının əsas amillərindən biri olub.
Onların fikrincə, yeni nəticələr okeanların müasir iqlim dəyişikliklərinə necə reaksiya verdiyini və gələcəkdə atmosferdə karbon qazının konsentrasiyasına hansı təsir göstərə biləcəyini daha yaxşı anlamağa imkan verəcək.
Tədqiqatçılar xəbərdarlıq edirlər ki, əsrin sonunadək Yer kürəsində həyat ciddi şəkildə dəyişə bilər. Onların proqnozuna görə, orta qlobal temperatur 4 dərəcə Selsi yüksələrsə, ekstremal hava hadisələrinin və iri meşə yanğınlarının sayı artacaq. Bu isə ekosistemlərdə ciddi dəyişikliklərə səbəb ola bilər. Alimlər hesab edirlər ki, tropik meşələr də daxil olmaqla bəzi ekosistemlər yüksək temperatur, quraqlıq və müntəzəm yanğınlar nəticəsində tamamilə məhv ola bilər.
Aydın
Şərhlər