Alimlər XXI əsrin sonuna qədər Yer kürəsində həyatın necə dəyişə biləcəyi ilə bağlı proqnoz təqdim ediblər. Onların qiymətləndirməsinə görə, qlobal istiləşmə, genişmiqyaslı meşə yanğınları, ənənəvi heyvandarlığın azalması və gen texnologiyalarının inkişafı dünyanı əhəmiyyətli dərəcədə dəyişə bilər.
Qaynarinfo xəbər verir ki, "Daily Mail" nəşrinin "Australian Journal of Botany" jurnalında dərc olunan araşdırmaya istinadən verdiyi məlumata görə, Sidneydəki Makkuori Universitetinin alimləri 2100-cü ilə qədər planetdə orta temperaturun sənayeləşmədən əvvəlki dövrlə müqayisədə təxminən 4 dərəcə Selsi artdığı ssenarini araşdırıblar.
Tədqiqat müəllifləri hesab edirlər ki, bu ssenari hazırda mümkün variantlardan biridir. Onların fikrincə, əsas nəticələrdən biri genişmiqyaslı meşə yanğınlarına səbəb ola biləcək ekstremal hava hadisələrinin sayının artması olacaq.
Bu isə ekosistemlərdə ciddi dəyişikliklərə gətirib çıxara və bir çox bitki və heyvan növlərinin mövcudluğunu təhlükə altına sala bilər.
Professor Mark Vestobinin sözlərinə görə, bəzi təbii ekosistemlər, xüsusilə tropik meşələr tez-tez baş verən güclü yanğınlar şəraitində mövcudluğunu davam etdirə bilməz. Temperaturun artması və iqlimin daha quraq olması ilə belə ekosistemləri qorumaq getdikcə çətinləşəcək.
"70 ildən sonra bir çox ekosistem əhəmiyyətli dərəcədə dəyişəcək", deyə tədqiqatçılar bildiriblər.
Alimlər həmçinin ənənəvi heyvandarlığın azalacağını proqnozlaşdırırlar. Onların fikrincə, mal-qaranın sayı kəskin şəkildə azala və onun yerini laboratoriyalarda istehsal olunan ət və süd məhsulları ala bilər.
Qeyd olunur ki, bu texnologiyalar artıq tətbiq olunmağa başlayıb. Məsələn, yetişdirilmiş toyuq əti Sinqapur, ABŞ və İsraildə satış üçün icazə alıb. Bundan əlavə, bir sıra şirkətlər dəqiq fermentasiya texnologiyası vasitəsilə heyvanlardan istifadə etmədən süd zülalları istehsal edir.
Alimlər, həmçinin laboratoriyada yetişdirilən qəhvə və şokoladın yaradılması üzərində də çalışırlar.
Digər mümkün istiqamətlərdən biri gen redaktəsi texnologiyalarının geniş tətbiqi olacaq. Araşdırma müəlliflərinin fikrincə, gələcəkdə bu texnologiyalardan ekosistemlərə ciddi zərər vuran invaziv növlərə nəzarət etmək və ya onların yayılmasının qarşısını almaq üçün istifadə oluna bilər.
Belə layihələr artıq ağcaqanadlar, eləcə də bəzi siçan, siçovul və qurbağa növləri üzərində aparılır.
Araşdırma əsasən Avstraliyanın ekosistemlərinin gələcəyinə həsr olunsa da, alimlər müəyyən edilmiş tendensiyaların dünyanın bir çox regionları üçün aktual olduğunu bildiriblər.
Tədqiqatçılar qeyd edirlər ki, belə ssenaridən qaçmaq üçün gələcəkdə fosil yanacaqlardan istifadəni azaltmaq lazımdır. "Climate Analytics" təşkilatının məlumatına görə, qlobal istiləşməni 1,5 dərəcə Selsi həddində saxlamaq üçün bəşəriyyət 2035-ci ilə qədər fosil yanacaq istifadəsini iki dəfə azaltmalı, ən geci 2070-ci ilə qədər isə ondan tam imtina etməlidir.
Aydın
Şərhlər