"Time Out" jurnalının keçirdiyi sorğuya əsasən, Avropanın ən gözəl şəhərlərinin reytinqi açıqlanıb. Siyahıda Avropa şəhərləri arasında birinci yeri Şotlandiyanın paytaxtı Edinburq tutub.
Qaynarinfo xəbər verir ki, sorğu çərçivəsində dünyanın müxtəlif şəhərlərində yaşayan 24 min nəfərdən yaşadıqları şəhərin gözəlliyi ilə bağlı fikirləri soruşulub. Respondentlərin əksəriyyətinin öz şəhərini "gözəl" adlandırdığı 10 şəhər yekun qlobal reytinqə daxil edilib.
Mütəxəssislərin fikrincə, şəhərin yalnız funksional olması – yaşıllıq sahələri, rahat nəqliyyat sistemi, əlverişli şəhər mühiti və zəngin istirahət imkanları ilə seçilməsi kifayət deyil. Memarlıq və ümumi görünüş də onun cəlbediciliyində mühüm rol oynayır.
Qlobal reytinqdə ikinci, Avropa şəhərləri arasında isə birinci yeri Edinburq tutub. Sorğuda iştirak edənlərin 84 faizi şəhəri gözəl hesab etdiyini bildirib.
"Time Out"un səyahət redaktoru Qreys Bördün sözlərinə görə, Edinburqun cazibəsi müxtəlif memarlıq üslublarının vəhdətindədir.
"Yeni şəhərin gürcü üslublu binaları, Köhnə şəhərin dar və dolama orta əsr küçələri, eləcə də möhtəşəm qotik qüllələri Şotlandiya paytaxtını piyada gəzmək üçün unikal məkana çevirir", deyə o bildirib.
Reytinqdə beşinci yeri tutan Lissabon Avropa şəhərləri arasında ikinci olub. Şəhər təpələri və Atlantik okeanına açılan mənzərələri ilə seçilir.
Avropa üzrə üçüncü yeri isə Paris tutub. Respondentlərin 68 faizi Fransa paytaxtını gözəl şəhər kimi qiymətləndirib. Paris xüsusilə Osman dövrünə aid memarlığı ilə dünyanın ən tanınmış və estetik şəhərlərindən biri hesab olunur.
Avropanın ən gözəl altı şəhəri
1. Edinburq
2. Lissabon
3. Paris
4. Stokholm
5. Porto
6. Riqa
Aydın
Şərhlər