Xəbər lenti

Yayda səpkilərdən necə qurtulmaq olar? - Dermatoloqdan sadə tövsiyə
Sağlamlıq 08:45 02.07.2026

Yayda səpkilərdən necə qurtulmaq olar? - Dermatoloqdan sadə tövsiyə

Yay aylarında yüksək temperatur və rütubət təkcə günvurma və ya günəş yanıqlarına deyil, həm də istilik səpkilərinin yaranmasına səbəb ola bilər. Mütəxəssislər bildirirlər ki, bu problem yalnız körpələrdə deyil, böyüklərdə də geniş yayılıb.

Qaynarinfo xəbər verir ki, bu barədə "TODAY" nəşri dermatoloq Ancela Lambın açıqlamalarına istinadən məlumat yayıb.

Həkimin sözlərinə görə, isti hava ilə bağlı yaranan səpkilər tər vəzilərinin axacaqları tutulduqda yaranır. Normalda dərinin səthinə çıxmalı olan tər dəri altında qalaraq iltihaba səbəb olur və nəticədə qızartı, xırda səpkilər və qaşınma meydana gəlir.

Ancela Lamb qeyd edib ki, bu halda ən vacib addım bədənin temperaturunu aşağı salmaqdır.

"Bədəni kifayət qədər susuz qoymamaq, soyuq kompreslərdən istifadə etmək və portativ ventilyatorlarla bədəni sərinlətmək lazımdır. Bu üsullar tər vəzilərinə düşən yükü azaldır və səpkilərin sağalmasını sürətləndirir", – deyə dermatoloq bildirib.

Mütəxəssis izah edib ki, tər ifrazı orqanizmin özünü soyutmaq mexanizmidir. Lakin isti və rütubətli havada həddindən artıq tərləmə zamanı tər dəri məsamələrindən xaric ola bilmədikdə vəzilərdə toplanır. Tibbdə bu vəziyyət "miliaria" və ya istilik səpkisi adlanır.

Həkimin sözlərinə görə, qalın nəmləndirici kremlər, ağır parçadan hazırlanmış geyimlər, uzun müddət dar çimərlik geyimində qalmaq və intensiv fiziki fəaliyyət də bu problemin yaranma riskini artırır.

İstilik səpkilərinin qarşısını almaq üçün nəfəsalan yüngül geyimlərə üstünlük vermək, dərini mütəmadi izləmək, kifayət qədər su içmək, bədəni sərin saxlamaq və çölə çıxarkən buz paketləri və ya portativ ventilyatorlardan istifadə etmək tövsiyə olunur.

Ancela Lamb günəşdən qoruyucu kremlərdən imtina etməməyi də vacib sayır. Onun sözlərinə görə, bəzi günəş kremləri məsamələri tıxaya bilsə də, dəriyə uyğun məhsul seçmək bu problemin qarşısını ala bilər.

Dermatoloq bildirib ki, əksər hallarda istilik səpkiləri bədən temperaturu normallaşdıqdan sonra öz-özünə keçib gedir. Qaşınma və qızartını azaltmaq üçün hidrokortizon tərkibli kremlərdən istifadə etmək mümkündür.

Lakin səpkilər bir neçə gün ərzində keçməzsə, yüksək hərarət yaranarsa və ya infeksiya əlamətləri müşahidə olunarsa, mütləq dermatoloqa müraciət edilməlidir. Çünki bu əlamətlər bəzən günəşə qarşı həssaslıq və ya digər dəri xəstəliklərinin göstəricisi ola bilər.
 
Günay
--> -->