Son vaxtlar cəmiyyətdə insanların bir-birini anlamaqda çətinlik çəkdiyi müşahidə olunur. Bu tendensiyanı sosial şəbəkələrdə də aydın şəkildə görmək mümkündür. Empatiya çatışmazlığı, başqalarını ittiham etmək, mühakimə etmək və onların səhvlərini axtarmaq getdikcə daha geniş yayılır. Bəs bu vəziyyət cəmiyyətə və insan psixologiyasına necə təsir edir?
Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Elnur Rüstəmov Qaynarinfo-ya açıqlamasında bildirib ki, empatiya çatışmazlığı yalnız insanların bir-birini başa düşməməsi ilə məhdudlaşmır:
“Bu, münasibətlərdə etimadın azalmasına, cəmiyyətdə qütbləşmənin və aqressiyanın artmasına səbəb olan ciddi sosial-psixoloji problemdir. İnsan qarşı tərəfin hansı şəraitdə yaşadığını və davranışının arxasında hansı səbəblərin dayandığını anlamağa çalışmadıqda, mühakimə etmək və günahlandırmaq daha asan görünür. Xüsusilə sosial şəbəkələrdə insanlar çox vaxt hadisənin bütün tərəflərini bilmədən sərt mövqe bildirir, bir davranışı şəxsin bütöv xarakterinin göstəricisi kimi qiymətləndirirlər. Beləliklə, səhv davranışın tənqidi asanlıqla insanın özünün təhqir və linç edilməsinə çevrilir. Bu isə fikir ayrılığını sağlam müzakirə müstəvisindən çıxararaq qarşıdurmaya aparır”.

Psixoloq bildirib ki, davamlı ittiham və mühakimə mühiti insan psixologiyasında özünü müdafiə ehtiyacını gücləndirir:
“İnsanlar səhvlərini etiraf etməkdən, hisslərini bölüşməkdən və kömək istəməkdən çəkinirlər. Çünki anlayışla deyil, qınaqla qarşılaşacaqlarını düşünürlər. Nəticədə narahatlıq, tənhalıq hissi, daxili gərginlik və münasibətlərdə etimadsızlıq artır”.
Elnur Rüstəmovun fikrincə, empatiya qarşı tərəfin bütün davranışlarına haqq qazandırmaq demək deyil:
“Empatiya həmin davranışın səbəblərini anlamağa çalışmaq, insanı dinləmək və məsuliyyət tələb edərkən belə onun ləyaqətini qorumaqdır. Sağlam cəmiyyətdə həm məsuliyyət, həm də anlayış yanaşı olmalıdır. Bu baxımdan ailədə, məktəbdə, mediada və sosial şəbəkələrdə dinləmə mədəniyyətinin formalaşdırılması vacibdir. İnsanlar fikir bildirməzdən əvvəl “Mən hadisənin bütün tərəflərini bilirəmmi?” və “Bu söz mənə deyilsəydi, necə təsir edərdi?” suallarını özlərinə verməlidirlər. Bəzən bir neçə saniyəlik düşünmək belə təhqirin, yanlış qərarın və münasibətlərin zədələnməsinin qarşısını ala bilər”.
Bahar Rüstəmli
Şərhlər