Yer kürəsinin sədaqətli peyki Ay tarix boyu həmişə eyni üzünü bizə tərəf çevirsə də, arxa tərəfində daha mürəkkəb bir hekayə gizlənir.
Qaynarinfo xəbər verir ki, Çinin "Chang’e-6” missiyası çərçivəsində Ayın uzaq tərəfinə həyata keçirilən tarixi səfər, bu sirli bölgədən Yerə ilk dəfə gətirilən qaya nümunələri ilə nəticə verməyə başlayıb. Alimlər bu nümunələri araşdırdıqca, Ayın niyə iki fərqli xarakterə sahib olduğunu, yəni niyə bir üzünün düz ovalarla, digərinin isə nəhəng kraterlərlə örtülü olduğunu anlamağa bir addım da yaxınlaşıblar.
Ay Yer ilə "cazibə kilidi” vəziyyətində olduğu üçün biz onun yalnız bir tərəfini görə bilirik. "Qaranlıq üz” adlandırılan uzaq tərəf isə əslində Günəş işığını bizim gördüyümüz tərəf qədər alır. Lakin kosmik dövrün başlanğıcı ilə məlum olub ki, bu iki üz bir-birinə heç də bənzəmir. Bizim tərəfdəki tünd rəngli "Ay dənizləri” uzaq üzdə demək olar ki, mövcud deyil. Üstəlik, Ayın görünməyən üzündəki qabıq daha qalındır və təəccüblü şəkildə elektrik keçiriciliyi də daha yüksəkdir.
Bu fərqləri izah etmək üçün indiyədək "iki ayrı Ayın toqquşması” və ya "cırtdan planetlə toqquşma” kimi çoxsaylı nəzəriyyələr irəli sürülmüşdü. Lakin "Chang’e-6” missiyasından əldə edilən son məlumatlar günahkarı daha aydın şəkildə göstərir.
Nəhəng toqquşmanın isti izləri
Pekin mərkəzli tədqiqat qrupu Ayın hər iki üzündən götürülmüş qaya nümunələrini müqayisə edərkən kalium və dəmir izotopları arasında ciddi fərqlər aşkar edib. Qızdırıldıqda asanlıqla buxarlanan kaliumun yüngül izotopları sürətlə itir. Uzaq tərəfdən gətirilən süxurlarda isə daha ağır kalium izotoplarına rast gəlinib. Bu fakt həmin bölgənin keçmişdə son dərəcə güclü istilik təsirinə məruz qaldığını və yüngül maddələrin buxarlanaraq yalnız ağır elementlərin geridə qaldığını sübut edir.
Mütəxəssislər bu nəhəng istilik mənbəyinin Ayın cənub qütbündə yerləşən "Aytken hövzəsi”ni (SPA) formalaşdıran məşhur böyük toqquşma olduğuna inanırlar.
Araşdırmaya görə, bu qədim toqquşma Ayın daxili hissəsindəki mantiyanı təxminən 2500 dərəcədən yuxarı qızdıracaq qədər böyük enerji yaradıb. Bu inanılmaz temperatur bir tərəfdən kaliumun buxarlanmasına səbəb olub, digər tərəfdən isə istilik yaradan elementlərin Ayın daxilində qeyri-bərabər şəkildə paylanmasına yol açıb. Yəni Ayın asimmetrik quruluşu milyardlarla il əvvəl aldığı bu nəhəng zərbənin birbaşa nəticəsi kimi formalaşıb.
Alimlər bu nəticənin Ayın təkamülünü anlamaq baxımından kritik mərhələ olduğunu vurğulasalar da, qəti qənaətə gəlmək üçün fərqli bölgələrdən gətiriləcək yeni nümunələrin gözlənildiyini bildirirlər. "PNAS” jurnalında dərc olunan bu tədqiqat Ayın sadəcə daş kütləsi olmadığını, şiddətli bir keçmişin canlı sübutu olduğunu bir daha ortaya qoyur.
Aydın
Şərhlər