Kreml heç bir halda Azərbaycanla münasibətləri geriyədönməz vəziyyətə çatdırmaq istəməz
Rusiya Dövlət Dumasının deputatı Andrey Kolesnik yenidən Azərbaycanı təhdid edib.
Qaynarinfo-nun verdiyi məlumata görə, mətbuata verdiyi açıqlamada o, rəsmi Bakının ünvanına təhqirlər yağdırıb. A. Kolesnik Bakının Ukraynaya 2 milyon dollarlıq yardım göndərməsi fonunda Rusiyanın "istənilən vaxt bölgəyə qoşun yeridə biləcəyini" söyləyib. Digər deputat Andrey Quruylev Moskvadan Azərbaycana qarşı iqtisadi sanksiya - "import qadağası" və Rusiyadakı azərbaycanlı sahibkarlara qarşı "təzyiqlər" çağırışı edib.
Hazırki Azərbaycan-Rusiya münasibətləri 1994-cü ili, "Əsrin müqaviləsi” imzalandığı dövrü xatırladır. O zaman da Kremlin təzyiqləri artmışdı. Heydər Əliyev Moskvanın təzyiqlərindən qurtulmaq üçün Qərblə yaxınlaşa bildi. Şimal təhlükəsi amilini həddən ziyadə artması son nəticədə Bakının xeyrinə oldu və Qərb dairələri öz strateji maraqları üçün Bakıya dəstək verməli oldular. Neft müqaviləsi imzalandıqdan sonra çoxları anladılar ki, Rusiya təhlükəsi barədə deyilənlər həddən ziyadə şişirdilib. Kremlin Bakıya edə biləcəyi təzyiqlərlə bağlı təsəvvürlərin çoxu mifdən ibarətdir.
Vurğulayaq ki, 1994-cü ildə ABŞ və Avropa üçün "Əsrin müqaviləsi" son dərəcə mühüm idi və bu baxımdan Kremlin şantajından xilas olmaq daha asan görünürdü. İndiki şəraitdə isə rəsmi Bakıya edilən təzyiqlər Qərb və Rusiyanın bölgə uğrunda savaşının yeni mərhələsi kimi qiymətləndirilə bilər.
Lakin Ukrayna savaşında böyük itkilər verən Rusiya "ikinci cəbhə" açmaqda maraqlı deyil. Həm də Rusiya, özünü döyüş meydanında təsdiq etmiş güclü ordusu olan Azərbaycanla üz-üzə gəlmək istəməz. Ən əsası isə Azərbaycana qarşı hər hansı bir hərbi müdaxilə Türkiyənin müharibəyə qarışması, yəni nəticədə bütünlüklə NATO ilə müharibə deməkdir.
Bu sırada İsrailin, Pakistanın da olması şübhəsizdir.
Moskvanın Azərbaycana müdaxiləsi bütünlüklə Qafqazın itirilməsi ilə yanaşı Rusiyanın Şimali Qafqazda da yeni müharibələrə cəlb edilməsi ilə nəticələnə bilər. Əsas şərtlərdən biri də odur ki, Rusiyanın beynəlxalq sanksiyalar fonunda Türkiyə ilə yaxşı münasibətlərə ehtiyacı var. Kreml heç bir halda Azərbaycanla münasibətləri geriyədönməz vəziyyətə çatdırmaq istəməz.
Yeri gəlmişkən, İranın 2000-ci illərdə Azərbaycana qarşı həm havada, həm də dənizdə təhdid və təxribatlarının qarşısı qardaş Türkiyənin adekvat hərbi nümayişləri ilə alınmışdır. Azərbaycan Cənubi Qafqazın açar dövləti və söz sahibi kimi qəbul edilir və belə bir dövlətə hərbi müdaxilə imkansızdır.
Digər tərəfdən, Pakistan Azərbaycanın müttəfiqidir. 250 milyonluq əhaliyə və nüvə silahına sahib ölkə Azərbaycana tam dəstək verir. Rusiya bu miqyaslı təzyiqləri göz önünə ala bilməz...
Siyasət şöbəsi
Şərhlər