Siyasət 14:39 03.02.2023

Azərbaycan-İran münasibətləri: Bundan sonra necə olacaq?

"Bakı-Tehran münasibətləri yaxşılaşmayacaq, əksinə, daha da pisləşəcək”.
 
Bunu Qaynarinfo-ya açıqlamasında təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl Azərbaycanın İrandakı səfirliyində baş verən olay və ölkəmizdə son günlər həyata keçirilən həbslərdən sonra Tehranın Balıya qarşı hansı addımlar ata biləcəyilə bağlı suala cavabında deyib. Onun fikrincə, Tehran Güney Azərbaycan məsələsini təhdid kimi görür və Azərbaycanla normal münasibətlər yaratmaq fikrində deyil:
 
"Azərbaycanın İrandakı səfirliyində həyata keçirilən terror aktı Tehran-Bakı münasibətlərinin tərkib hissəsidir. Bu fonda iki ölkə arasında münasibətlər bir qədər də gərginləşib. İran İslam Respublikası yarandığı gündən kimlə düşmənçilik edirsə, sona qədər də düşmənçiliyi saxlayır. Bu ölkə ABŞ-dan tutmuş ərəb ölkələrinin heç birilə normal münasibətlər yaratmayıb. 



İran güneyli soydaşlarımıza görə, Azərbaycanı özü üçün təhdid qismində görür. Ona görə də, Azərbaycanın müstəqilliyini həzm edə bilmir. Belə siyasət yeridən İran Azərbaycanla münasiblərini yaxşılaşdırası deyil. 44 günlük müharibədə Azərbaycanın qələbə çalmasından sonra İranın ölkəmizə münasibəti daha da pisləşib. Tehran bu vəziyyəti bundan sonra da davam etdirəcək. 

Münasibətlərin yaxşılaşacağını gözləmirəm. Əksinə, daha da pisləşəcək. Sadəcə olaraq, onu tədricən edəcəklər. Çünki hazırda Tehranın başı daha çox İsrail və Yaxın Şərqdəki digər məsələlərlə əlaqədar dərdə düşüb. İran İslam İnqilabını ekspansiya etmək xəttini götürüb. Azərbaycanda da buna çalışır. Bu baxımdan, ölkəmizə təsir etməyə çalışır. Bunu edə bilməyəndə  də Türkiyə və Qərbin burada möhkəmlənməsini qəbul edə bilmir. Tehran Bakı ilə münasibətləri daha da gərginləşdirəcək”. 

Rüfət Sultan