
Məktəblərdə vahid məktəbli geyiminin tətbiqi təhsil müəssisələrində nizam-intizamın qorunması və şagirdlər üçün ümumi geyim standartlarının müəyyənləşdirilməsi baxımından əhəmiyyət daşıdığı qeyd olunur. Bu qayda şagirdlərin məktəb mühitində bərabərliyinin təmin edilməsi və sosial fərqlərin geyim üzərindən ön plana çıxmasının qarşısının alınması məqsədi daşıyır. Qəbul olunan qaydalar isə təhsilin dünyəvilik prinsipinə əsaslanır.
Qaynarinfo mövzunu fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Şölət Zeynalovla müzakirə edib.
Ekspertin sözlərinə görə, məktəblərdə vahid geyim qaydalarının tətbiqi dövlətin təhsil sahəsində vahid yanaşma formalaşdırmaq siyasəti çərçivəsində qiymətləndirilməlidir:
“Məlumdur ki, Nazirlər Kabinetinin məktəblərdə vahid məktəbli geyiminə keçidlə bağlı qərarı ölkədə süni ajiotaj yaratmağa çalışanlar tərəfindən qabardılır. Məktəblərdə bunu diskriminasiya halı kimi təqdim edirlər.
Əslində isə söhbət dövlətin təhsil məsələlərində vahid yanaşmanın formalaşdırılması istiqamətində həyata keçirdiyi tədbirlərdən gedir və bu tədbirlər tamamilə məqbul hesab edilməlidir. Çünki Azərbaycan dünyəvi dövlətdir. Bununla yanaşı, dini və mənəvi dəyərlər də Azərbaycan dövləti tərəfindən hər zaman diqqət və qayğı ilə qarşılanıb. Bunu etiraf etmək lazımdır, yüzlərlə misal çəkmək olar. Məscidlərə göstərilən qayğı, dinlərarası münasibətlərdə tolerantlıq və multikulturalizm siyasəti buna nümunədir. Eyni zamanda, rayonlarımızda və işğaldan azad olunmuş ərazilərimizdə məscidlərin tikintisi də bu diqqətin göstəricisidir. Şuşa işğaldan azad olunarkən minarədən ilk dəfə azan səsinin səsləndirildiyini də xatırlayaq. Bu, dövlət siyasətində dinin kənarda qalmadığını, əksinə, insanların mənəvi tələbatının nəzərə alındığını göstərir”.

Şölət Zeynalov hesab edir ki, vahid məktəbli geyimi məktəblərdə nizam-intizamın möhkəmləndirilməsi və şagirdlərdə məktəbə mənsubiyyət hissinin formalaşdırılması baxımından əhəmiyyətlidir:
“Məktəblərə gəldikdə, burada nizam-intizamın təşkili və gücləndirilməsi müasir təhsil siyasətinin mühüm istiqamətlərindən biridir. Ümumi məktəbli formasının tətbiqi də təhsil siyasətinin tərkib hissəsidir. Vahid geyim şagirdlərdə məsuliyyət hissinin və məktəbli kimliyinin formalaşmasına təsir göstərir. Bu, onların dünyagörüşünün formalaşmasına da müsbət təsir edə bilər.
Burada məsələni yalnız hicabla əlaqələndirmək düzgün deyil. Vahid geyim tələbləri açıq-saçıq geyimlərə, müxtəlif baş örtüklərinə və məktəbə istənilən geyimdə gəlmək istəyənlərə münasibətdə ümumi qaydaların tətbiqini nəzərdə tutur. Vahid forma şagirdlər arasında ayrı-seçkilik riskinin azaldılmasına, təhsil mühitinin sağlamlaşdırılmasına və sosial adaptasiyanın gücləndirilməsinə xidmət edir”.
Ekspert məktəbli geyimi ilə bağlı müzakirələrdə cəmiyyətdə həmrəyliyin qorunmasının vacibliyini də vurğulayıb. Onun fikrincə, məsələ ətrafında süni gərginliyin yaradılması düzgün yanaşma deyil:
“Ona görə də bu məsələdə ajiotaj yaratmaq, mənim düşüncəmə görə, çox yanlış hərəkətdir. Çünki bizim həmrəyliyimizi pozmağa çalışan qüvvələr var. Bilirsiniz ki, VIII Qurultayda cənab Prezident bu məsələyə xüsusi işarə etdi: daxildə heç bir risk mövcud olmasa belə, xaricdən ideoloji təxribatlar ola bilər. Bu məsələ hər zaman diqqətdə saxlanmalıdır.
Məktəb təkcə bilik ötürən mərkəz deyil, həm də cəmiyyətin gələcəyini formalaşdıran, şagirdləri birgə yaşamağa və bir-birinə hörmət etməyə hazırlayan sosial institutdur. Ona görə də bu məsələni ajiotaj səviyyəsinə qaldırmaq olmaz. Biz bilməliyik ki, ən böyük dəyərlərimizdən biri birliyimiz və həmrəyliyimizdir”.
Şölət Zeynalovun sözlərinə görə, vahid məktəbli geyimi məktəbdə səliqə-sahmanın qorunmasına və şagirdlərin təhsil mühitinə uyğunlaşmasına kömək edir. O, ailələrin maddi imkanları arasındakı fərqlərin şagirdlərə təsirini də diqqətə çatdırıb:
“Vahid məktəbli geyimi tələblərinə qarşı çıxmaq düzgün deyil. Vahid forma məktəblərdə səliqə-sahman yaradır, biliklərin öyrənilməsi və mənimsənilməsi üçün daha uyğun mühitin formalaşmasına xidmət edir. Bu qərara qarşı çıxanlar anlamalıdırlar ki, məktəb ayrı-seçkilik məkanı deyil, bilik və təlim-tərbiyə ocağıdır.
Biz kapitalizm dövründə yaşayırıq və ailələrin maddi imkanları müxtəlifdir. Varlı ailənin övladı ilə orta gəlirli ailənin övladının geyimi arasında ciddi fərqlər yarana bilər. Bu fərqlər şagirdlərin düşüncəsinə və bir-birinə münasibətinə təsir göstərir. Dünyada vahid məktəbli geyimi sisteminin dövlət siyasətinin mühüm istiqamətlərindən biri olduğu çoxsaylı nümunələr var. Bu, yalnız geyim məsələsi deyil, eyni zamanda cəmiyyətdə harmoniyanın qorunmasına xidmət edən yanaşmadır”.
Ekspert qeyd edib ki, vahid geyim qaydalarının tətbiqi zamanı maarifləndirmə və valideynlərlə dialoq da ön planda olmalıdır. Onun fikrincə, məsələnin yalnız inzibati tədbirlərlə həlli mümkün deyil:
“Düşünürəm ki, həmin insanlarla dialoq və kommunikasiya şəraitində iş aparılmalıdır. Valideynlərlə məktəblər arasında müzakirələr keçirilməli, eyni zamanda ziyalıların üzərinə də böyük məsuliyyət düşür. Məsələyə yalnız inzibati resurslarla yanaşmaq olmaz. Bu istiqamətdə maarifləndirmə işi də genişləndirilməlidir”.
Şölət Zeynalov fikirlərini əsaslandırarkən Ümummilli Lider Heydər Əliyevin din azadlığı ilə bağlı fikirlərinə də istinad edib. O, dini inancların cəmiyyətdə davranış və mədəniyyət vasitəsilə ifadə olunmasının vacibliyini bildirib:
“Ulu Öndər Heydər Əliyev qeyd edirdi ki, "İslam dininin bəşəriyyətə bəxş etdiyi bütün nemətlərdən hər bir azərbaycanlı səmərəli istifadə etməlidir və xüsusən İslam dininin tələblərinə uyğun olaraq cəmiyyətdə davranışında özünü göstərməlidir".
Bizim dindar və inanclı olmağımız, əslində, mədəniyyətimizdə özünü göstərməlidir. Məktəbin şüşəsini sındırmaqla, hay-küy salmaqla, ajiotaj yaratmaqla heç nəyə nail ola bilmərik. Bu, düşmən dəyirmanına su tökmək kimi bir şey ola bilər. Mən bu məsələdə iştirak edənlərin hamısını qınamıram. Onların arasında bunu bilərəkdən edənlər də var, bilmədən bu ajiotaja qoşulanlar da. Bu, kütlə psixologiyası ilə də bağlıdır. Ona görə belə məsələlərdə təmkinimizi qorumalıyıq. Təmkin və səbir hər şeydən öndə olmalıdır. Məsələlərə dialoq şəraitində aydınlıq gətirilməlidir”.
Aydın
