Türkiyədə xarici turistlərin xərcləri ilə bağlı açıqlanan son statistikaya görə, ziyarətçilər ən çox qida və içkiyə pul xərcləyirlər. Bu statistika turistlərin səfər zamanı hansı sahələrə daha çox vəsait ayırdığına marağı artırıb.
Bəs Azərbaycanda vəziyyət necədir? Ölkəmizə gələn turistlər daha çox hansı xidmət və məhsullara pul xərcləyirlər?
Turizm eksperti Əziz Şiriyev Qaynarinfo-ya açıqlamasında bildirib ki, Azərbaycanda turistlərin xərclərinin əsas hissəsi tur paketlərinin payına düşür.
Onun sözlərinə görə, ölkəyə gələn qonaqlar təkcə istirahət proqramlarına deyil, həm də milli mətbəx və yerli məhsullara böyük maraq göstərirlər.
"Turistlər xüsusilə Azərbaycan şərablarını və milli yeməkləri dadmağa üstünlük verirlər. Bundan başqa, onlar "Made in Azerbaijan" brendi altında təqdim olunan suvenirlərə, eləcə də paytaxtda və regionlarda yerli sənətkarların hazırladığı əl işlərinə də xeyli vəsait xərcləyirlər".
Ekspertin fikrincə, milli mətbəx, şərabçılıq ənənələri və yerli sənətkarlıq nümunələri Azərbaycanın turizm məhsulunun əsas elementlərindən biridir və xarici turistlərin ölkədəki xərclərində mühüm yer tutur.
Günay İlqarqızı
Şərhlər