2026-cı ilin əvvəlinə Azərbaycanda şəhər və kənd yerləri üzrə ümumilikdə 1874 məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərib.
Modern.az-ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata görə, bu müəssisələrin 1702-si dövlət, 172-si isə qeyri-dövlət müəssisəsidir. 2025-ci ilin əvvəlində ölkədə 1872 məktəbəqədər təhsil müəssisəsi olub. Onlardan 1708-i dövlət, 164-ü qeyri-dövlət müəssisəsi kimi fəaliyyət göstərib.
Beləliklə, bir il ərzində məktəbəqədər təhsil müəssisələrinin ümumi sayı 2, qeyri-dövlət müəssisələrinin sayı isə 8 vahid artıb. Dövlət müəssisələrinin sayı 6 vahid azalıb.
2026-cı ilin əvvəlinə məktəbəqədər təhsil müəssisələrində 116,8 min uşaq tərbiyə alıb. Onların 108,1 mini dövlət, 8,7 mini qeyri-dövlət müəssisələrinin payına düşüb. Buradakı göstəricilər min nəfərlə ifadə olunur.
2025-ci ilin əvvəlində məktəbəqədər təhsil müəssisələrində uşaqların sayı 115 min nəfər olub. Onlardan 107,7 mini dövlət, 7,3 mini qeyri-dövlət müəssisələrində tərbiyə alıb. Bir il ərzində uşaqların ümumi sayı 1,8 min, qeyri-dövlət müəssisələrində tərbiyə alanların sayı isə 1,4 min nəfər artıb.
Ölkə üzrə məktəbəqədər təhsil müəssisələrində hər 100 yerə düşən uşaqların sayı 2025-ci ildə 76, 2026-cı ildə isə 77 nəfər təşkil edib. 2026-cı ildə bu göstərici dövlət müəssisələrində 77, qeyri-dövlət müəssisələrində 74 nəfər olub.
İcma əsaslı məktəbəqədər təlim qruplarının sayı 2025-ci ildəki 1177-dən 2026-cı ildə 1596-ya yüksəlib. Bu qruplara cəlb olunan uşaqların sayı isə 19,4 mindən 23,9 min nəfərə çatıb.
Ümumi təhsil müəssisələrinin məktəbhazırlıq qruplarına cəlb olunan uşaqların sayı 2025-ci ildə 91,2 min, 2026-cı ildə 86,5 min nəfər olub.
Məktəbəqədər təhsil müəssisələrində tərbiyə alan və ümumi təhsil müəssisələrinin məktəbhazırlıq qruplarına cəlb olunan uşaqların 1–5 yaşlı uşaqların ümumi sayında xüsusi çəkisi 2025-ci ilin əvvəlində 37,1 faiz, 2026-cı ilin əvvəlində isə 39,9 faiz təşkil edib. Bu göstəricinin hesablanmasında icma əsaslı məktəbəqədər təlim qruplarına cəlb olunan uşaqlar da nəzərə alınıb.
Şərhlər