İstanbulun Bebek sahilində dənizə girən Azərbaycan vətəndaşı Allahyar boğulma təhlükəsi keçirib.
Qaynarinfo Türkiyə mediasına istinadən xəbər verir ki, ətrafdakı insanların sudan huşsuz vəziyyətdə çıxardığı Allahyara ilk tibbi yardımı hadisə yerində təsadüfən olan tibb bacısı göstərib. Xəstəxanaya aparılan turistin həyati təhlükəsinin olmadığı bildirilib.
İstanbulun Bebek sahilində sərinləmək üçün dənizə girən Azərbaycan vətəndaşı, təcrübəçi tələbə Allahyar boğulma təhlükəsi ilə üzləşib. Ətrafdakı vətəndaşlar onu sudan çıxarıb, sahildə olan tibb bacısı isə gəncə ilk tibbi yardım göstərib.
Hadisə saat 16:20 radələrində Bebek məhəlləsindəki Türkan Sabancı Parkının sahilində baş verib. Məlumata görə, dostu ilə birlikdə sahilə gələn Azərbaycan vətəndaşı Allahyar isti havada sərinləmək üçün dənizə girib.
Bir müddət üzdükdən sonra axın və yorğunluq səbəbindən suda çırpınmağa başlayan gənc nəzarəti itirib və gözdən itmək təhlükəsi ilə üzləşib.
Vəziyyəti görən ətrafdakı vətəndaşlar dərhal müdaxilə edərək huşsuz vəziyyətdə olan Allahyarı sudan çıxarıblar. Təcili tibbi yardım əməkdaşları hadisə yerinə yollanarkən, sahildə olan tibb bacısı vaxt itirmədən gəncə ilk tibbi yardım göstərib.
Tibb bacısının müdaxiləsindən sonra nəfəs alması təmin edilən gənc turist hadisə yerinə çatan 112 Təcili Tibbi Yardım əməkdaşlarına təhvil verilib.
Allahyar təcili tibbi yardım avtomobili ilə Seyrantepe Hamidiye Etfal Təhsil və Araşdırma Xəstəxanasına aparılaraq müalicəyə cəlb edilib. Onun həyati təhlükəsinin olmadığı bildirilib.
Türkiyəyə təcrübə keçmək məqsədilə gəldiyi qeyd olunan gənc turistin səhhətinin yaxşılaşdığı bildirilir. Polis hadisə ilə bağlı araşdırmanı davam etdirir.
Aydın
Şərhlər