Sevdiyimiz bəzi qida kombinasiyaları orqanizmin faydalı maddələri mənimsəməsinə hiss etdirmədən mane ola bilər.
Qaynarinfo xəbər verir ki, diyetoloqlar Rob Hobson və Sofi Hastmanın “The Telegraph” üçün hazırladığı materialda bəzi məhsulların tərkibindəki birləşmələrin eyni vaxtda qəbul edilən digər qidalardakı faydalı maddələrin sorulmasını azaltdığı bildirilib.
Mütəxəssislərin sözlərinə görə, dəmir və ya B12 vitamini çatışmazlığı onsuz da insanların təxminən üçdə birində müşahidə olunur. Buna görə də qidaların birlikdə qəbuluna diqqət yetirmək faydalı ola bilər.
Qəhvə və səhər yeməyi taxılları
Həkim Rob Hobsonun sözlərinə görə, bu, ən çox araşdırılmış qida qarşılıqlı təsirlərindən biridir. Qəhvənin tərkibindəki polifenollar səhər yeməyi taxıllarına əlavə edilən dəmirlə birləşərək onun orqanizm tərəfindən mənimsənilməsinə mane olur.
Sofi Hastman isə qeyd edir ki, qəhvə yalnız qeyri-heme dəmirə, yəni bitki mənşəli qidalarda olan dəmirə təsir edir. Buna taxıllar, qoz-fındıq, göyərti və qurudulmuş meyvələrdəki dəmir daxildir. Ət, balıq və quş ətindəki dəmir isə qəhvədən təsirlənmir. Buna görə də qəhvə ilə yumurta və bekonun birlikdə qəbulu təhlükəli kombinasiya hesab edilmir.
Dəmir səviyyəsi aşağı olan insanlara mütəxəssislər qəhvəni səhər yeməyindən bir saat əvvəl və ya sonra içməyi məsləhət görürlər. Taxıllara giləmeyvə və ya kivi əlavə etmək də faydalı ola bilər, çünki C vitamini dəmirin daha yaxşı mənimsənilməsinə kömək edir.
Steyk və qırmızı şərab
Steyk və bir qədəh şərabdan ibarət romantik şam yeməyinin də müəyyən nüansı var. Alkoqol müntəzəm və həddindən artıq qəbul edildikdə mədə və bağırsaqların selikli qişasına zərər verə bilər. Bu isə B qrupu vitaminlərinin mənimsənilməsinə mane olur. Qırmızı ət də məhz bu vitaminlərlə zəngindir.
Bununla belə, hər iki mütəxəssis bildirir ki, bir qədəh şərabın ciddi təsiri yoxdur. Steykdəki heme dəmirindən orqanizm şərab içilib-içilməməsindən asılı olmayaraq eyni dərəcədə faydalana bilir. Əsas məsələ konkret bu kombinasiyadan qorxmaq deyil, ümumilikdə alkoqoldan həddindən artıq istifadə etməməkdir.
İspanaq və pendir
Makaron, spanakopita və ya hind mətbəxinin saaq-paneer yeməyində məşhur olan bu ikili göründüyü qədər ideal deyil.
İspanağın tərkibində kalsiumla birləşərək onun mənimsənilməsinə mane olan oksalatlar çoxdur. Buna görə orqanizm çiy ispanaqdakı kalsiumun yalnız təxminən 5 faizini mənimsəyir. Oksalatlar yaxınlıqda yeyilən pendirdəki kalsiumun sorulmasına da mane ola bilər.
Lakin mütəxəssislər ispanaqdan imtina etməyi məsləhət görmürlər. Bu tərəvəz K, A və C vitaminləri ilə zəngindir. Hobson ispanağı əvvəlcədən buxarda bişirməyi tövsiyə edir. Bu üsul oksalatların miqdarını azaldır. Bununla yanaşı, kalsiumun yeganə mənbəyi kimi ispanağa güvənmək məsləhət görülmür.
Qəhvəyi düyü və qırmızı ət
Qoz-fındıq, toxumlar, tam taxıllar və paxlalılar oksalatlara bənzər təsir göstərən fitatlarla zəngindir. Bu birləşmələr dəmir, sink və maqneziumun mənimsənilməsini azalda bilər.
Bu səbəbdən qəhvəyi düyünün qırmızı ət, pendir və ya südlə birlikdə yeyilməsi mineralların mənimsənilməsi baxımından ən yaxşı seçim sayılmır.
Lakin Hobsonun sözlərinə görə, bu məsələ əsasən rasionunda onsuz da mineral çatışmazlığı olan insanlar üçün əhəmiyyət daşıyır. Fitat tərkibli məhsullardan tamamilə imtina etməyə ehtiyac yoxdur. Çünki onların bəzi faydaları da var, o cümlədən xolesterinin səviyyəsinin azalmasına kömək edə bilərlər.
Yeməyə bibər və ya brokoli əlavə etmək fitatların təsirini qismən azalda bilər.
Yağsız souslu salat
Kalorilərinə nəzarət edən insanlar üçün yağsız souslu salat ideal seçim kimi görünə bilər. Lakin burada da müəyyən bir məqam var. Tərəvəzlərdəki bir sıra faydalı birləşmələr, o cümlədən bibərdəki beta-karotin, pomidordakı likopen və qarğıdalıdakı lutein yağda həll olunan maddələrdir. Bu səbəbdən onlar yağla birlikdə daha yaxşı mənimsənilir.
Hobsonun sözlərinə görə, salata hətta az miqdarda zeytun yağı, avokado və ya qoz-fındıq əlavə etmək tərəvəzlərdəki bu faydalı maddələrin mənimsənilməsini əhəmiyyətli dərəcədə yaxşılaşdıra bilər.
Aydın
Şərhlər