Dünya 17:52 11.05.2022

“Azov” döyüşçülərinin vəziyyəti üzə çıxdı: həyat yoldaşları Papaya müraciət etdi (FOTO)

Mariupol şəhərindəki "Azov” batalyonunun iki döyüşçüsünün həyat yoldaşı Roma Papasına müraciət edib.

Qaynarinfo "Reuters” xəbər agentliyinə istinadla xəbər verir ki, Katerina Prokopenko və Yuliya Fedosyuk Papanın Müqəddəs Pyotr meydanındakı çıxışından sonra onunla 5 dəqiqə danışa biliblər.
 
Onlar Roma Papasından həyat yoldaşlarının Mariupoldakı mühasirədən çıxarılması üçün Putinlə danışmağını xahiş ediblər.

"Ümid edirik ki, bu görüş bizə onların həyatını xilas etmək üçün şans verdi. Əsgərlərimiz üçüncü bir ölkəyə çıxarılmalarını gözləyirlər və belə olsa, silahı yerə qoyacaqlar”,- Fedosyuk deyib. 

Prokopenko isə Rusiya əsirliyinin onlar üçün seçim olmadığını deyib.

Qadınlar "Azov” döyüşçüləri olan həyat yoldaşları ilə axırıncı dəfə çərşənbə axşamı danışdıqlarını deyirlər. Onlar Papaya "Azovstal” zavodu ərazisindəki yaralı əsgərlər, çürüyən ətlər, basdırılmamış cəsədlər və ərzaq, su, tibbi ləvazimat çatışmazlığından danışıblar.

Roma Papası əlindən gələn hər şeyi və onlar üçün dua edəcəyini bildirib.

Fedosyuk Papadan Ukraynaya gəlməsini və Putinlə danışıb onları buraxmasını tələb etməyi istəyib.

O, axırıncı dəfə həyat yoldaşı ilə danışanda, həyat yoldaşı ondan internetdə susuz uzun müddət qalmaq haqqında məlumat toplayıb ona deməsini istəyib.

Nurlan Hüseynov