Səbail rayonu, Ə.Əlizadə küçəsində yerləşən "Babat" adlı restoranda (gecə klubu) özünü hüquq mühafizə orqanlarının əməkdaşı kimi təqdim edən şəxs həbs edilib.
Qaynarinfo-nun məlumatına görə, 1993-cü ildə Bakı şəhərində anadan olan V.B. barəsində İnzibati Xətalar Məcəlləsinin 510.1 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib olunub və işə məhkəmədə baxılıb.
Məlum olub ki, təqsirləndirilən şəxs "Babat" adlı gecə klubunda əylənib istirahət etdikdən sonra hesabı ödəmək istəməyib. Daha sonra özünü polis əməkdaşı kimi təqdim edib. Restoran əməkdaşı hadisə ilə bağlı polisə məlumat verib. Polis əməkdaşları restorana yaxınlaşaraq özlərini həmin şəxsə təqdim ediblər.
Təqsirləndirilən şəxs məhkəmədə bildirib ki, illərdir turizm sahəsində işləyir. Azərbaycanı bir neçə ölkədə təmsil edib. Bu günə qədər heç vaxt özünü hər hansı bir vəzifənin sahibi və ya dövlət işçisi kimi təqdim edərək qanun pozuntusuna yol verməyib. "Babat” adlı restoranda yanında olan Üzeyir adlı dostu hesabı tam olaraq ödəyib. Bu vaxt polis əməkdaşları onu restoranın çölünə dəvət edib və onlara heç bir tabesizlik göstərməyib, onlara yaxınlaşıb və polis əməkdaşı olub-olmaması ilə bağlı suala "xeyr" cavabını verib.
Məhkəmənin hökmü ilə V.B. 15 gün müddətinə həbs olunub.
Aydın
Şərhlər