Xəbər lenti

Bakı İrəvana hansı təklifləri verib?
Siyasət 18:18 14.09.2023

Bakı İrəvana hansı təklifləri verib?

"Sərhədlərin hansı xəritələr əsasında müəyyən ediləcəyi ilə bağlı məsələ öz həllini tapmayana qədər sülh sazişinin imzalanması mümkün deyil”.
 
Bunu Qaynarinfo-ya açıqlamasında sabiq xarici işlər naziri Tofiq Zülfüqarov Ermənistan XİN rəhbəri Ararat Mirzoyanın sülh müqaviləsi üzrə Bakıdan yeni təkliflər aldıqları barədə bəyanatını şərh edərkən deyib.

"Problemlər olduğu kimi qalır. Hələlik iki əsas problemi həll etmək mümkündür. Birincisi odur ki, Ermənistan Qarabağ zonasında yaşayan ermənilərin təhlükəsizlik məsələsi və hüquqlarının bu və ya digər şəkildə sənəddə öz əksini tapmasına çalışır. Ya da orada bu və ya digər şəkildə göstərilir ki, Azərbaycan həmin mövzuları müzakirə etmək üçün onlarla danışıqlara hazırdır. İkinci mövzu isə daha problemlidir. Ermənistan-Azərbaycan sərhədi barədə tərəflərin mövqeləri tam fərqlidir”, deyə sabiq nazir bildirib.

Politoloq qeyd edib ki, Ermənistan baş naziri Nikol Paşinyan sərhədlərlə bağlı ən azı ayrı-ayrılıqda 4 xəritəni bəyan edib:

"Sonuncu variantda onlar 1975-ci ilin xəritəsini əsas götürmək istəyirlər. Belə olanda Azərbaycan tərəfinin 1920-ci ilin xəritələrini əsas götürməyə tam hüququ var. Bu məsələ öz həllini tapmayınca, sülh sazişinin imzalanması hələlik mümkün görünmür. Amma sənədlər mübadiləsi və verilən təkliflər maraqlıdır. Hesab edirəm ki, tərəflər bununla beynəlxalq təzyirlərə məruz qalmamaq üçün hansısa dialoqun olmasını göstərirlər. Bütün hallarda, Ermənistanın mövqeyi bu istiqamətdə hansısa irəliləyişin əldə olunmasına imkan vermir”. 

Qeyd edək ki, Ermənistan XİN rəhbəri Ararat Mirzoyan İrəvanın sülh müqaviləsi üzrə dünən Bakıdan yeni təkliflər aldığını bildirib. Baş nazir Nikol Paşinyan da öz növbəsində bildirib ki, İrəvan tez bir zamanda Bakıya sülh sazişinin mətni ilə bağlı öz şərhlərini göndərəcək. 

Rüfət Sultan


Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->