Bu ilin ilk yarısında Bakı şəhərində mehmanxana və mehmanxana tipli obyektlərdə 645 min 972 nəfər yerləşdirilib. Bu, ölkə üzrə ümumi göstəricinin təxminən 60 faizini təşkil edir.
Qaynarinfo-nun Dövlət Statistika Komitəsinə istinadən məlumatına görə, 2026-cı ilin yanvar-iyun aylarında mehmanxana və mehmanxana tipli obyektlərdə ümumilikdə 1 milyon 74 min 533 nəfər yerləşdirilib.
Paytaxtda yerləşdirilən şəxslərin 543 mini xarici vətəndaşlar və vətəndaşlığı olmayan şəxslər, 102 min 972 nəfəri isə Azərbaycan vətəndaşları olub. Beləliklə, Bakı hotellərində yerləşdirilənlərin təxminən 84 faizi xarici qonaqların payına düşüb.
Bakıdan sonra ən yüksək göstərici Quba-Xaçmaz iqtisadi rayonunda qeydə alınıb. Burada ilin ilk 6 ayında mehmanxanalarda 109 min 655 nəfər yerləşdirilib. Onların 38 min 861-i xarici, 70 min 794-ü isə Azərbaycan vətəndaşı olub.
Bölgələr üzrə ən aşağı göstərici isə Şirvan-Salyan iqtisadi rayonunda qeydə alınıb. Belə ki, bu bölgədə mehmanxanalarda 5 min 308 nəfər yerləşdirilib. Onların 4 min 222-si Azərbaycan vətəndaşları, 1 086-sı xarici vətəndaşlar və vətəndaşlığı olmayan şəxslər olub. Biləsuvarda 2 min 460, Şirvan şəhərində 1 467, Salyanda 1 177, Neftçalada isə 204 nəfər yerləşdirilib. Hacıqabul rayonunda isə göstərici qeydə alınmayıb.
Günay İlqarqızı
Şərhlər