Xəbər lenti

Ölkə 18:34 05.04.2024

Bakıda oğurlanan maşın Goranboyda necə yoxa çıxıb? (FOTO)

Bakıda fəaliyyət göstərən "Fitstar Herbal Products" MMC-yə məxsus "Mercedes-Benz" markalı, AZ 77 AE 649 dövlət nömrə nişanlı avtomobil yoxa çıxıb. 

Şirkətin direktoru Firdovsi Vəliyev Qaynarinfo-ya bildirib ki, maşın şirkətin keçmiş əməkdaşı tərəfindən qaçırılıb. O, bununla bağlı müvafiq hüquqi tədbirlərə əl atıb. Lakin aylardır ki, maşını tapmaq mümkün deyil. 

"Maşın Goranboyda sözün əsl mənasında yoxa çıxıb. Aylardır ki, avtomobili tapıb ekspertizaya təqdim etmək mümkün olmayıb", deyə Firdovsi Vəliyev əlavə edib. 
 


Onun sözlərinə görə, maşın qaçırılandan sonra etdiyi müraciət əsasında məsələ Daxili İşlər Nazirliyi tərəfindən nəzarətə götürülüb: 

"İlin əvvəlində hörmətli daxili işlər naziri Vilayət Eyvazova müraciətimdən sonra məsələ nəzarətə götürüldü. Daxili İşlər Nazirliyi Katibliyinin rəis müavini Rüfət Allazov dəvət edərək məni qəbul etdi. Şikayətimi dinlədi, yazılı şəkildə də şikayətimi təqdim etdim. Cənab nazir şikayətimin üzərinə nəzarət qaydasında dərkənarı qoyub Daxili İşlər Nazirliyinin Təhqiqat və İstintaq Baş İdarəsinə göndərdi. Orada təhqiqatçı dedi ki, Gəncə Şəhər Polis İdarəsində təkrar ekspertiza təyin olunacaq. Bu günə qədər maşını tapmaq mümkün olmayıb. Bu səbəbdən ekspertiza da keçirilmir".

Firdovsi Vəliyev deyib ki, avtomobil direktoru olduğu şirkətin keçmiş işçisi, Goranboy rayon sakini Xəyyam Nəriman oğlu Rəhimov tərəfindən ələ keçirilib: 

"O, avtomobili saxta dövlət nömrə nişanı - AZ 20 EU 594 nömrə bağlamaqla idarə edir". 

Şrikətin direktoru yenidən DİN-ə müraciət etməyi düşünür. 

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov bildirib ki, sözügedən məsələ ilə bağlı hazırda Gəncə Şəhər Baş Polis İdarəsində şikayətçinin ərizəsi əsasında araşdırma aparılır. Onun sözlərinə görə, məsələ ilə bağlı müvafiq ekspertizalar təyin olunub. Avtomobilin yerinin müəyyən olunaraq ekspertizaya təqdim edilməsi üçün tədbirlər həyata keçirilir.

Seyid
 


Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->