Bakıda problem: Çətirlər yağış üçün yox, kondisioner suyu üçün açılır (VİDEO)
Başınızı qaldırıb göyə baxırsınız, bulud yoxdur. Hava tamamilə günəşlidir. Amma çətir lazım olur. Bu çətir sizi yağışdan yox, binaların eyvanlarında quraşdırılan, daha doğrusu, düzgün quraşdırılmayan kondisionerlərdən axan sudan qoruyur. Bəli, yüzlərlə paytaxt sakini hər gün bu mənzərə ilə qarşılaşır.
Qaynarinfo AzTV-ə istinadla xəbər verir ki, yay aylarında kondisionerlə sərinləmək bəzilərinə rahatlıq gətirsə də, bu texnikanın düzgün quraşdırılmamasından əziyyət çəkənlər də olur.
Sakinlərdən biri problemin, xüsusilə, çoxmərtəbəli binalarda özünü göstərdiyini deyir:
"Elə olur ki, məsələn, binanın birinci mərtəbəsindən 15-ci mərtəbəsinədək kondisionerlər quraşdırılıb. Hamısının suyu eyni anda üstünə tökülür. Elə bil, yağış yağır. Altından keçəndə adamın başına tökülür. Bu da narahatlıq yaradır".
Digər sakin isə kondisionerlərdən axan suyun xüsusi borular vasitəsilə yönləndirilməsinin vacibliyini vurğulayır:
"Yaxşı olar ki, onları, məsələn, şlanq və ya rezin boru vasitəsilə aşağı yönləndirsinlər. Şlanqı bir qədər uzatmaq lazımdır ki, su heç kimə mane olmasın".
Ekspertlər isə bildirirlər ki, yaranmış vəziyyətə görə yalnız sakinləri qınamaq olmaz. Çünki yaşayış binası tikilərkən onun layihəsində xüsusi su axarları, yəni drenaj xətləri əvvəlcədən nəzərdə tutulmalıdır. Təəssüf ki, bir çox yaşayış binasında bu məqam nəzərə alınmır.
"Drenaj xətti olmadığı üçün vətəndaşlar pərakəndə şəkildə kondisioner sularını mənzildən kənarlaşdırırlar. Bunun nəticəsində binanın fasadına, ümumi əmlaka və digər sahə mülkiyyətçilərinin mənzillərinə ziyan dəyir, eyni zamanda diskomfort yaranır. Problemin kütləvi şəkildə aradan qaldırılması üçün sakinlər qərar qəbul etməli və xüsusi fond hesabına binanın fasadında uyğun yerdə drenaj xətti quraşdırılmalıdır".
Ekspertin sözlərinə görə, belə yanaşma həm binanın ümumi əmlakının qorunmasına imkan verər, həm də qonşular arasında narazılığın yaranmasının qarşısını alar.
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər