Məşhur turizm şəhərləri, tarixi abidələr və kurortlar hər il milyonlarla səyahətçini cəlb edir. Lakin böyük insan axını cibgirlər və fırıldaqçılar üçün də əlverişli şərait yaradır.
Qaynarinfo "Daily Mail"ə istinadən xəbər verir ki, "Compare the Market" qiymət müqayisəsi xidməti tərəfindən aparılan araşdırmada turistlərin oğurluq qurbanı olmaq riskinin ən yüksək olduğu şəhərlər müəyyən edilib.
Reytinqə Fransanın paytaxtı Paris başçılıq edib. "Məhəbbət şəhəri" adlandırılan Paris turistlər üçün cibgirlik baxımından ən təhlükəli şəhər kimi qiymətləndirilib. Ən yüksək oğurluq riski Eyfel qülləsi və Monmartr ərazisi kimi məşhur turistik məkanların yaxınlığında qeydə alınır.
İkinci yeri ABŞ-ın Las-Veqas şəhəri tutub. Kazinoları və gecə həyatı ilə məşhur olan şəhər turistlərin oğurluqla bağlı narahatlıq səviyyəsinə görə 100 baldan 47,69 bal alıb. Araşdırmaya əsasən, burada müxtəlif fırıldaqçılıq sxemləri də geniş yayılıb.
Reytinqdə üçüncü yeri Nyu-York qərarlaşıb. Turistlər şəhərdə mümkün oğurluq və fırıldaqçılıq hallarından xüsusilə narahatdırlar. Nyu-York oğurluqla bağlı narahatlıq indeksində 49,68 bal toplayıb. Səyahətçilər şəxsi əşyalarının itirilməsi ilə bağlı da tez-tez şikayət edirlər.
İtaliyanın paytaxtı Roma da cibgirlərin fəal olduğu şəhərlər sırasında yer alıb. Şəhərdə daha riskli hesab edilən məkanlar arasında Roma Termini dəmir yolu vağzalı, Trevi fəvvarəsi, Kolizey və İspan pilləkənləri göstərilir.
ABŞ-nin Los-Anceles şəhəri reytinqdə beşinci yeri tutub və cibgirlik və fırıldaqçılıq indeksində 15,2 bal alıb. Şəhərin nüfuzlu imicinə baxmayaraq, xüsusilə gecə həyatı olan ərazilərdə və Hollivud bulvarında xırda cinayət hallarına rast gəlinir.
Böyük Britaniyanın paytaxtı Londonda cibgirlərin çox vaxt qruplar halında fəaliyyət göstərdiyi bildirilir. Onlar diqqəti yayındıran üsullardan və izdihamdan istifadə edirlər. Turistlərə alış-veriş zamanı və insanların çox olduğu yerlərdə daha diqqətli olmaq tövsiyə olunur.
Zəngin tarixi və turistlər arasında populyarlığı ilə tanınan Yunanıstanın paytaxtı Afina da cibgirlik problemi ilə üzləşir. Xüsusilə Akropol ətrafında risk yüksək hesab olunur, çünki böyük izdiham oğrulara gizli hərəkət etmək imkanı yaradır.
Bolqarıstanın paytaxtı Sofiya 29,19 balla reytinqdə səkkizinci yeri tutub. Burada turistlər təkcə cibgirlik deyil, həm də yüksək taksi qiymətləri və valyuta dəyişdirilməsi zamanı fırıldaqçılıq halları ilə üzləşə bilərlər. Xüsusilə Mərkəzi dəmir yolu vağzalı, Mərkəzi avtovağzal və Aslan körpüsü ətrafında, xüsusilə axşam saatlarında diqqətli olmaq tövsiyə edilir.
İspaniyanın Barselona şəhəri uzun illərdir çoxsaylı cibgirləri ilə tanınır. Ən riskli yerlər arasında La Rambla bulvarı, Kataloniya meydanı, Qotik məhəllə və Karrer-Monkaada küçəsi göstərilir. Yerli polisin məlumatına görə, 2023-cü ildə cibgirlik şəhərdə qeydə alınan bütün cinayətlərin 48,1 faizini təşkil edib.
Mütəxəssislər turistlərə bahalı saat və aksessuarları lüks hotellərin, alış-veriş ərazilərinin və gecə klublarının yaxınlığında nümayiş etdirməməyi tövsiyə edirlər. Son illərdə bahalı əşyaların oğurlanması üzrə ixtisaslaşmış cinayət qruplarının fəallaşdığı bildirilir.
Reytinqi Niderlandın paytaxtı Amsterdam tamamlayır. Riskli ərazilər sırasında Dam meydanı, Mərkəzi vağzal, "Rijksmuseum" muzeyi və gecə saatlarında Qırmızı fənərlər məhəlləsinin bəzi hissələri qeyd olunur.
Mütəxəssislər turistlərə xüsusilə izdihamlı yerlərdə diqqəti yayındırmaq cəhdlərinə qarşı ehtiyatlı olmağı məsləhət görürlər. Çünki cibgirlər çox vaxt qrup şəklində fəaliyyət göstərir.
Aydın
Şərhlər