Gündə beş fincan kofeinli qəhvə içməyin sağlamlıq üçün mümkün faydaları ilə bağlı son günlərdə yayılan araşdırmalar geniş müzakirə olunur. Lakin qəhvə qəbulunu artırmazdan əvvəl alimlərin "bir fincan" dedikdə nəyi nəzərdə tutduğunu və gün ərzində nə qədər kofein qəbul etdiyinizi bilmək vacibdir.
Qaynarinfo xəbər verir ki, bu barədə "Verywell Health" yazır.
Araşdırmalar nə göstərir?
Amerika Ürək Assosiasiyasının məlumatına görə, gündə beş fincana qədər kofeinli qəhvə içmək sağlam yetkin insanların əksəriyyəti üçün təhlükəsiz hesab olunur və ürək sağlamlığına müsbət təsir göstərə bilər.
Araşdırmalar həmçinin göstərir ki, bu miqdarda qəhvə qaraciyərin sağlamlığına da müsbət təsir edə bilər.
Məqalədə qeyd olunur: "Bu nəticələr qəhvənin orta miqdarda istehlakının sağlam həyat tərzinin bir hissəsi ola biləcəyini göstərən sübutları daha da gücləndirir. Qəhvənin tərkibində polifenollar da daxil olmaqla təbii birləşmələr mövcuddur. Bu maddələr antioksidant və iltihabəleyhinə xüsusiyyətlərə malik ola bilər. Bununla belə, alimlər onların orqanizmə təsir mexanizmini araşdırmaqda davam edirlər".
Bir fincan düşündüyünüzdən kiçik ola bilər
Qidalanma üzrə aparılan elmi tədqiqatlarda bir fincan qəhvə adətən təxminən 225 millilitr hesab edilir. Halbuki qəhvəxanalarda təqdim olunan içkilərin həcmi çox vaxt 355, 475, hətta 600 millilitr olur. Bundan başqa, bəzi xüsusi qəhvə içkilərinin tərkibində bir neçə porsiya espresso olduğundan onların kofein miqdarı daha yüksək olur.
Məqalədə xəbərdarlıq edilir: "Əgər kimsə "beş fincan qəhvə" ifadəsini beş böyük həcmli içki kimi qəbul edərsə, tədqiqatlarda nəzərdə tutulduğundan xeyli artıq kofein qəbul etmiş olar. Kofeinin miqdarı istifadə olunan qəhvə dənələrinin növündən, hazırlanma üsulundan və porsiyanın həcmindən asılı olaraq əhəmiyyətli dərəcədə dəyişə bilər. Görünüşcə eyni olan iki fincan qəhvədə tamamilə fərqli miqdarda kofein ola bilər".
Əsas göstərici kofeinin ümumi miqdarıdır
Mütəxəssislərin fikrincə, təhlükəsizlik baxımından əsas meyar içilən qəhvə fincanlarının sayı deyil, gün ərzində qəbul edilən ümumi kofein miqdarıdır.
Sağlam yetkin insanların əksəriyyəti üçün gündə 400 milliqrama qədər kofein təhlükəsiz hesab olunur.
"Verywell Health" bildirir ki, bu, təxminən 225 millilitrlik üç-beş fincan dəmlənmiş qəhvədə olan kofein miqdarına uyğundur. Lakin dəqiq göstərici qəhvənin növündən və hazırlanma üsulundan asılı olaraq dəyişə bilər.
Aydın
Şərhlər