XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Bir əsgəri belə yoxdur: NATO-nun ordusuz yeganə üzvü müharibəyə necə hazırlaşır?
Dünya23:35 03.09.2026

Bir əsgəri belə yoxdur: NATO-nun ordusuz yeganə üzvü müharibəyə necə hazırlaşır?

Ordusu, donanması və döyüş təyyarələri olmayan yeganə NATO üzvü İslandiya Şimali Atlantikada artan Rusiya sualtı qayıq təhlükəsi və Arktikada güclənən rəqabət fonunda təhlükəsizlik tədbirlərini artırır. Bəs ordusu olmayan ölkə müharibəyə necə hazırlaşır?

Keflavik hava bazasında iki F-16 qırıcı təyyarəsi gurultu ilə havaya qalxır, Belçika bayraqları İslandiyanın buludlu səmasında dalğalanır. Təyyarə anqarlarında ABŞ hərbçiləri nəhəng P-8A Poseidon sualtı qayıq əleyhinə təyyarənin qanadları altında gözləyir, açıq dənizdə isə Kanadaya məxsus “HMCS Ville de Québec” freqatı patrul xidməti həyata keçirir. Lakin bu genişmiqyaslı hərbi təlimdə diqqət çəkən mühüm bir çatışmazlıq var: İslandiya hərbçiləri.

Qaynarinfo xəbər verir ki, İslandiyanın öz quru, dəniz və hava qüvvələri yoxdur. Təxminən 400 min əhalisi olan bu ada ölkəsi NATO-nun nizami ordusu olmayan yeganə üzvüdür. Ölkə onilliklərdir təhlükəsizliyini NATO alyansına və 1951-ci ildə ABŞ-la imzaladığı ikitərəfli müdafiə sazişinə həvalə edib.

Lakin Rusiyanın Şimali Atlantikada hərbi mövcudluğunu getdikcə artırması İslandiyanı uzun müddət gündəmdən kənarda qalan çətin sualla üz-üzə qoyur: ölkə öz müdafiəsinə necə töhfə verməlidir?

Bu müzakirə İslandiyanın avqustun 29-da Avropa İttifaqına üzvlük danışıqlarının yenidən başlanması məsələsi ilə bağlı səsverməyə hazırlaşdığı bir vaxtda daha da aktuallaşıb. Aİ tərəfdarları Avropa ilə daha sıx əlaqələrin əlavə təhlükəsizlik təminatı yaradacağını bildirirlər.

Müxalifətdəki Müstəqillik Partiyasının lideri Qvudrun Hayfsteynsdottir vəziyyəti belə ifadə edib: “Aydındır ki, İslandiyada hər hansı hadisə baş versə, özümüzü müdafiə etmək gücümüz yoxdur”.

Rusiya bölgədə hərbi mövcudluğunu artırıb

Avqust ayında ABŞ-ın rəhbərliyi ilə keçirilən “Şimal Vikinqi” təlimi məhz bu təhlükəsizlik boşluğunun aradan qaldırılmasına yönəlib. İki ildən bir keçirilən təlim NATO müttəfiqlərini bir araya gətirərək kritik infrastrukturun və dəniz yollarının qorunmasını, sualtı qayıqlara qarşı mübarizəni və dəniz minalarına qarşı tədbirləri sınaqdan keçirir.

Təlimin açılışında çıxış edən NATO-nun Avropadakı Müttəfiq Qüvvələrin Ali Baş Komandanı general Aleksus Q. Qrinkeviç bölgədəki təhlükəyə diqqət çəkərək həm zarafat edib, həm də ciddi xəbərdarlıq verib:

“Bu gün Rusiya və Çinə məxsus olduğu iddia edilən tədqiqat gəmiləri burada birgə patrul xidməti həyata keçirir. Amma hamımız bilirik ki, onlar bura puffin quşlarını saymağa gəlməyiblər”.

İslandiyanın xarici işlər naziri Torgerdur Katrin Gunnarsdottir də bu xəbərdarlığı dəstəkləyərək Rusiyanın bölgədə hərbi mövcudluğunu nəzərəçarpacaq dərəcədə artırdığını, Çinin isə strateji maraqlarının genişləndiyini bildirib. O, NATO-nun bu yeni reallığa uyğunlaşmalı olduğunu vurğulayıb.

Yüksək texnologiyalı sualtı qayıq ovu və Qrenlandiya gərginliyi

ABŞ-ın 2006-cı ildə İslandiyadan çıxaraq ölkəyə təhvil verdiyi Keflavik hava bazasında təhlükəsizlik şəraitindəki dəyişiklik hazırda aparılan tikinti və inkişaf işlərində açıq şəkildə hiss olunur.

Bu yaxın münasibət Donald Trampın qonşu Qrenlandiya ilə bağlı açıqlamaları fonunda maraqlı ziddiyyət yaradır. Tramp yanvar ayında Davosda çıxışı zamanı Danimarkaya bağlı muxtar ərazi olan Qrenlandiyanı satın almaqla hədələyərkən İslandiya ilə Qrenlandiyanı dəfələrlə bir-biri ilə qarışdırıb.

İslandiyanın xarici işlər naziri Katrin Gunnarsdottir Qrenlandiyanın suverenliyini dəstəklədiklərini bildirib. O, bu cür gərginliklərin bölgədə təhlükəsizlik şüurunu artırmasını “müsbət inkişaf” adlandırıb.

“Gicgahımıza tuşlanmış tapança”

Anqarda yerləşdirilən və əsas vəzifəsi sualtı qayıqları aşkarlamaq olan ABŞ-ın P-8A Poseidon təyyarəsi bölgədəki patrul missiyalarının mərkəzində dayanır. Torpedolar və “Harpoon” gəmiəleyhinə raketlərlə təchiz edilən bu nəhəng təyyarə sualtı qayıqları aşkarlamaq üçün suya sonar şamandıraları buraxa bilir.

Hava bazasında nümayiş etdirilən 3,6 metr uzunluğundakı “Lightfish” adlı pilotsuz dəniz aparatı da diqqət çəkən digər texnologiyadır. Elektro-optik və infraqırmızı kameralar, eləcə də radarlarla təchiz olunan aparat “Starlink” peykləri vasitəsilə əməliyyat mərkəzinə məlumat ötürə və altı ay ərzində dənizdə qala bilir.

Texnologiya yeni olsa da, həll edilməyə çalışılan geosiyasi məsələ kifayət qədər qədimdir. II Dünya müharibəsi zamanı Böyük Britaniyanın baş naziri Uinston Çörçill belə demişdi: “İslandiyaya kim nəzarət edirsə, İngiltərə, Amerika və Kanadanın gicgahına tapança tuşlayır”.

80 il sonra bu qiymətləndirmə hələ də aktuallığını qoruyur.

İslandiya Qrenlandiya–İslandiya–Böyük Britaniya arasındakı dəniz dəhlizi olan son dərəcə mühüm GIUK keçidində yerləşir.

Rusiya üçün: Şimal Donanmasının Şimali Atlantikaya çıxması üçün bu keçiddən istifadə etməsi vacibdir.

NATO üçün: Mümkün böyük münaqişə zamanı Amerikadan Avropaya əlavə qüvvələrin və logistikanın çatdırılması üçün bu marşrutun açıq qalması həyati əhəmiyyət daşıyır.

Kritik infrastruktur: İslandiyanı Avropa və Şimali Amerika ilə birləşdirən dörd əsas sualtı fiber-optik kabel mövcuddur. Bu isə ölkəni sabotaj və hibrid hücumlar qarşısında olduqca həssas vəziyyətə gətirir.

Təhdidlərə qarşı İslandiya fevral ayında tarixində ilk dəfə rəsmi Milli Təhlükəsizlik və Müdafiə Siyasətini qəbul edib. Eyni zamanda NATO bölgədə müşahidə və çəkindirmə imkanlarını artırmaq üçün “Arctic Sentry” (“Arktika növbətçisi”) adlı yeni təşəbbüsə başlayıb.

İslandiya necə qorunur?

Bəs ordusu olmayan ölkə gündəlik müdafiəsini necə həyata keçirir? Cavab: mülki qurumların hərbiləşdirilməsi yolu ilə.

Keflavik hava bazası komandanının müavini Marvin İnqolfsson bazanın şimalın “gözü və qulağı” olduğunu bildirərək deyib:

“Bizim rütbəli zabitlərimiz yoxdur, amma Sahil Mühafizəmiz və Milli Polisimiz var. Əslində ordunun görəcəyi işləri yerinə yetiririk və çoxumuz hərbi təlim keçmişik”.

İslandiya Sahil Mühafizəsinin 280 əməkdaşı və iki açıq dəniz patrul gəmisi var. Ölkənin hava məkanını izləyən dörd radar stansiyasını da mülki qurum olan Sahil Mühafizəsi idarə edir.

Xarici İşlər Nazirliyinin Müdafiə Bürosu isə bir növ Müdafiə Nazirliyinin funksiyasını yerinə yetirir. Büronun rəhbəri Yonas Q. Allanson rəsmi ordu yaradılması ideyasına isti yanaşmadığını bildirərək deyib:

“Biz orduların yaratdığı təsiri mülki vasitələrdən istifadə etməklə yaratmağa çalışırıq və düşünürəm ki, bunu kifayət qədər yaxşı bacarırıq”.

“Öz ordumuzu qurmalıyıq”

Bu mülki yanaşma ilə hamı razı deyil. Özlərini “İslandiya Mühafizəçiləri” adlandıran bir qrup ölkənin öz ordusunu yaratmalı olduğunu müdafiə edir.

Qrupun təsisçilərindən, Norveç Silahlı Qüvvələrinin keçmiş zabiti Arnor Siquryonsson İslandiyanın müdafiəsini tamamilə müttəfiqlərinin üzərinə qoymasını tənqid edərək belə bir təklif irəli sürür:

* 2 min nəfərlik daimi aktiv ordu;

* 2 min nəfərlik ehtiyat qüvvə;

* müharibə vəziyyətində əhalinin 10 faizinə, yəni 40 min nəfərə bərabər səfərbərlik qüvvəsi.

Siquryonsson məcburi hərbi xidmət əvəzinə yaxşı maaş və təlim imkanları ilə könüllü ordu yaradıla biləcəyini bildirərək soruşur:

“Müstəqil və suveren dövlət olan İslandiya niyə ordusu olmayan yeganə Qərb ölkəsi olmalıdır? Özümüzü müdafiə etmək yükünü tamamilə başqalarının üzərinə qoyub heç nə etməmək qəbul edilə bilərmi?”

Rusiya La-Manş boğazında da təzyiqi artırıb

Rusiya Qərb dünyasına qarşı təzyiqini həm açıq dənizlərdə, həm də qitə boyunca həyata keçirdiyi hibrid əməliyyatlarla nümayiş etdirir.

Böyük Britaniyanın cənub və şərq sahillərində patrul xidməti aparan Rusiya hərbi gəmiləri London üçün birbaşa çəkindirmə mesajına çevrilərkən, Almaniya ərazisində və hava məkanında aşkarladığı sabotaj cəhdlərini və pilotsuz uçuş aparatlarının fəaliyyətini NATO-nu birbaşa sınaqdan keçirmək strategiyasının bir hissəsi kimi qiymətləndirir.

Aydın