Xəbər lenti

Dünya 16:30 05.04.2024

BMT Şurası Qəzzadakı vəziyyətə görə İsrailin məsuliyyəti ilə bağlı qətnamə qəbul etdi

Birləşmiş Millətlər Təşkilatının İnsan Haqları Şurası (UNHRC) İsraili Qəzza zolağında insan hüquqlarının pozulmasına görə məsuliyyətə cəlb etməyə çağıran qətnamə qəbul edib. Qətnamə Pakistan tərəfindən təqdim olunub. 

Qaynarinfo xəbər verir ki, bu barədə UNHRC-nin X səhifəsində məlumat yayılıb.

İsrailin BMT-dəki daimi nümayəndəsi Meyrav Eylon Şahar bildirib ki, qəbul edilən sənəd bütün təşkilata kölgə salır.

"İşğal olunmuş Fələstin ərazilərində, o cümlədən Şərqi Qüdsdə insan hüquqlarının vəziyyəti, habelə hesabatlılıq və ədalətlə bağlı öhdəliklər haqqında qətnamə layihəsi qəbul edilib”, – BMT İnsan Hüquqları üzrə Komissarlığı bildirib. 

Qətnaməni 28 üzv ölkə dəstəkləyib. 13 üzv bitərəf, ABŞ və Almaniya daxil olmaqla 6 ölkə əleyhinə səs verib. Pakistanın BMT-dəki daimi nümayəndəsi Bilal Əhməd vurğuayıb ki, "layihə işğal olunmuş Fələstin ərazilərində, xüsusən də Qəzza zolağında insan haqlarının kobud şəkildə pozulmasına cavab vermək üçün nəzərdə tutulub”. 

"Bu Şura və onun bir çox üzvləri üçün önəmli olan İsraili qınamaq, yeganə yəhudi dövlətini tənqid etmək və HƏMAS, Fələstin Administrasiyası və ölkəmizi məhv etmək istəyənlərin hamısını müdafiə etməkdir. Bu qətnamə İnsan Hüquqları Şurasına və bütövlükdə BMT-yə kölgə salır”, - İsrailin BMT-dəki daimi nümayəndəsi bildirib. O, həmçinin Belçika, Finlandiya və Lüksemburq kimi bəzi Avropa ölkələrinin HƏMAS-ın adı çəkilməyən qətnaməni dəstəkləməsindən məyus olduğunu vurğulayıb.

Bundan əlavə, bu gün UNHRC Fələstin xalqının öz müqəddəratını təyinetmə hüququna dair də qətnamə qəbul edib. ABŞ Paraqvayla birlikdə bunun əleyhinə səs verib. Albaniya, Argentina və Kamerun bitərəf qalıb, digər üzvlər sənədi dəstəkləyib.

Qeyd edək ki, bir gün əvvəl ABŞ prezidenti Co Bayden İsrailin baş naziri Binyamin Netanyahu ilə telefonla danışıb. Ağ Evin saytında verilən açıqlamaya görə, söhbətdə Co Bayden əmin edib ki, ABŞ-ın Qəzzadakı müharibəyə gələcək dəstəyi İsraildən mülki şəxsləri və humanitar işçiləri qorumaq üçün yeni addımlar atmağı tələb edəcək.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->