Dünyada milyonlarla insan axşam saat 6-dan sonra yeməyin artıq çəkiyə səbəb olub-olmadığını düşünür. Bu məsələ xüsusilə gec saatlara qədər işləyən insanlar üçün aktualdır.
Qaynarinfo xəbər verir ki, bəziləri orqanizmə zərər vermək qorxusundan acqarına yatmağa üstünlük verir. Lakin alimlər bildirirlər ki, müəyyən saatdan sonra yemək qadağasının elmi əsası yoxdur.
Saat 18:00-dan sonra yeməmək arıqlamağa kömək edirmi?
"WebMD" portalının məlumatına görə, gec yemək digər vaxtlarda yeməkdən nə daha zərərlidir, nə də daha faydalıdır. Axşam saat 6-dan sonra yeməyə qoyulan qadağa adi bir mifdir.
Bu fikrin tərəfdarlarından bunun səbəbini soruşduqda onlar adətən həmin vaxt yeyilən qidanın dərhal bədəndə yağ şəklində toplanacağını söyləyirlər.
Lakin müasir həkimlər hesab edirlər ki, əsas məsələ yeməyin saatı deyil, qəbul edilən qidanın miqdarı və fiziki aktivlikdir. İnsan gün ərzində yandırdığından daha çox kalori qəbul etdikdə artıq çəki alır. Bu baxımdan, axşam yeməyinin yatmazdan neçə saat əvvəl yeyilməsi həlledici deyil.
Məsələn, gündəlik ehtiyacınız 2200 kaloridirsə, lakin saat 17:00-a qədər 2500 kalori qəbul etmisinizsə, yenə də çəki ala bilərsiniz.
Mütəxəssislərin qeyd etdiyi bir elmi araşdırmada eyni miqdarda qida qəbul edildikdə gec yeməyin çəki artımını iki dəfə sürətləndirə biləcəyi ehtimalı irəli sürülüb. Lakin həmin təcrübə insanlar üzərində deyil, siçanlar üzərində aparılıb. Buna görə də nəticəni insanlara birbaşa şamil etmək olmaz.
Beləliklə, arıqlamaq istəyən insanların axşam saat 6-dan sonra yeməkdən qorxmasına ehtiyac yoxdur. Bunun əvəzinə qəbul edilən kalorilərin miqdarına nəzarət etmək və fiziki aktivliyi artırmaq tövsiyə olunur. Əgər yandırdığınız kalori qəbul etdiyinizdən çoxdursa, saatın neçə olduğunu nəzərə almadan arıqlayacaqsınız.
"Saat 6-dan sonra yeməyin" mifi haradan yaranıb?
Bu fikrin kütləvi şüurda yayılmasının səbəblərindən biri marketoloqların yadda qalan, yuvarlaq rəqəmləri sevməsi ola bilər. Məsələn, "18:00-dan sonra yeməyin" və ya "gündə 10 min addım atın" kimi tövsiyələri yadda saxlamaq və təbliğ etmək asandır.
Lakin dietologiyada arıqlamaq üçün yatmazdan neçə saat əvvəl yeməyin dayandırılmalı olduğunu müəyyən edən "sehrli" rəqəm yoxdur. Sağlam və balanslaşdırılmış şam yeməyi hətta axşam saat 20:00-da yeyilsə belə, öz-özlüyündə zərərli deyil.
Saat 6-dan sonra yeməmək üçün real səbəblər
Saat 18:00-dan sonra yeməyə qoyulan qadağa ümumilikdə mif olsa da, gec saatlarda ağır yeməkdən imtina etmək və ya qəbul edilən qidanın miqdarına nəzarət etmək üçün real səbəblər var.
Doyumlu şam yeməyi yuxunun keyfiyyətini pisləşdirə və mədə yanmasını gücləndirə bilər. Orqanizmin qidanı həzm etməyə vaxt tapması üçün yatmazdan 3-4 saat əvvəl yemək tövsiyə olunur. Ehtimal edilir ki, saat 6 ilə bağlı mif də buradan yaranıb: insanların əksəriyyəti təxminən saat 22:00-da yatır.
Başqa bir səbəb isə axşam saatlarında insanların televizor qarşısında oturmasıdır. Televizora baxarkən çoxları çərəz, sendviç və digər qəlyanaltılara müraciət edir. Bu zaman qəbul edilən qidanın miqdarını aşmaq olduqca asandır.
Bəzi insanlarda gecə qəlyanaltısı problemi də var. Belə qida qəbulları çox vaxt peçenye, çips, şokolad və konfet kimi yüksək kalorili məhsullardan ibarət olur. Nəticədə artıq çəkiyə səbəb ola bilər.
Ancaq saat 6-dan sonra yeməməyin özündə hər hansı "sehrli" təsir yoxdur. Yatmazdan bir neçə saat əvvəl kiçik qəlyanaltı qəbul etsəniz, ciddi problem yaranmayacaq. Həkimlər bu məqsədlə yağsız kəsmik, yoqurt, meyvə və ya tərəvəz yeməyi tövsiyə edirlər.
Aydın
Şərhlər