Azərbaycan boksçusu Əminə Tağı (50 kq) Serbiyanın Novi Pazar şəhərində yeniyetmələr arasında keçirilən Avropa çempionatının finalında ermənistanlı Amest Afrikyanı məğlub edərək qızıl medala yiyələnib.
Qaynarinfo xəbər verir ki, o, rəqibinə 4:1 (29:28, 29:28, 29:28, 27:30, 30:27) hesabı ilə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb və şərəfinə Novi Pazarda Azərbaycan himni səsləndirilib.
Digər qız boksçularımızdan Cəmilə Muradlı (52 kq), Fidan Bəkərova (63 kq), Səma Abbasova (66 kq) gümüş, Aylin Nəzərova (46 kq), Gülər Hüseynova (48 kq) və Zəhra Məmmədova (54 kq) bürünc medal qazanıblar.
Beləliklə, qızlardan ibarət millimiz Avropa birinciliyini 1 qızıl, 3 gümüş və 3 bürünc medalla başa vurub.
Yarışın altıncı günündə Səfdər Məmmədzadə (+80 kq) adını finala yazdırıb. O, yarımfinalda belaruslu Kirill Jukovskiyə tam üstünlüklə qalib gəlib. Məmmədzadə həlledici görüşdə rusiyalı Boqdan Smolkinlə döyüşəcək.
Qeyd edək ki, oğlan boksçularımızdan daha öncə Qardaş Rəhimov (46 kq), Məhəmməd Rəsulov (50 kq), Raul Heydərli (54 kq), Şahin Aslanov (60 kq) və Haqverdi Həsənov (63 kq) bürünc medala sahib olublar.
Şərhlər