Koreya əlifbası olan Hanqıl tarixdə yaradıcısı dəqiq məlum olan və hər bir hərfinin niyə məhz bu formada hazırlandığını izah edən sənədi bu günə qədər qorunub saxlanılan yeganə böyük yazı sistemidir.
Qaynarinfo xəbər verir ki, "Space Daily” nəşrinin yazdığına görə, 1443-cü ildə Çoson sülaləsinin hökmdarı Kral Secon şəxsən bu əlifbanı hazırlayıb və sonradan hər bir işarənin quruluşunu izah edən sənədi dərc etdirib.
Latın, kiril, ərəb və devanagari kimi yazı sistemləri yüzillər, hətta minilliklər ərzində tədricən formalaşıb. Bu əlifbalardakı hərflərin konkret müəllifi məlum deyil. "Hanqıl” isə bu baxımdan dünya tarixində istisna təşkil edir.
Çin heroqliflərini əvəz etmək üçün yaradılıb
Hanqıl yaranmazdan əvvəl koreyalılar Çin heroqliflərindən — Hança yazısından istifadə edirdilər. Lakin Çin və Koreya dillərinin quruluşu tamamilə fərqli olduğundan heroqliflər koreya dilini ifadə etmək üçün əlverişli deyildi.
Bu yazını mənimsəmək yalnız uzun illər təhsil ala bilən aristokrat təbəqə üçün mümkün idi. Kəndlilər, qadınlar və sənətkarlar isə faktiki olaraq savadlanmaq imkanından məhrum qalırdılar.
1446-cı ildə dərc olunan "Hunminjeongeum” əsərinin ön sözündə Kral Secon qeyd edirdi ki, Koreya dilinin səsləri Çin dilinin səslərindən fərqlənir və mövcud heroqliflər onları ifadə edə bilmir. Hökmdarın məqsədi insanların asanlıqla öyrənə biləcəyi yeni yazı sistemi yaratmaq idi.
Onun sözlərinə görə, ağıllı insan bu yazını bir səhər ərzində, daha zəif öyrənən biri isə on günə mənimsəyə bilər.
Hərflər tələffüz zamanı dilin hərəkətini əks etdirir
Hanqılın samit hərfləri səslərin tələffüzü zamanı nitq orqanlarının aldığı vəziyyəti əks etdirir.
Məsələn, ᄀ hərfi dil kökünün boğaza yaxın vəziyyətini, ᄂ hərfi dil ucunun damağa toxunmasını, ᄆ hərfi isə qapanmış dodaqları simvolizə edir.
Digər samitlər bu beş əsas işarəyə əlavə xətlər artırılmaqla yaradılıb və səslərin müxtəlif xüsusiyyətlərini ifadə edir.
Sait hərflər isə kosmoloji prinsip əsasında qurulub. Nöqtə Göyü, üfüqi xətt Yeri, şaquli xətt isə İnsanı simvolizə edir. Bütün digər saitlər bu üç elementin müxtəlif kombinasiyalarından ibarətdir.
Dilçilər bu xüsusiyyəti "xüsusiyyət əsaslı yazı sistemi” adlandırırlar. Bu tip yazıda hərfin forması onun ifadə etdiyi səs haqqında məlumat verir. Mütəxəssislərin fikrincə, "Hanqıl” bu prinsipi dünyadakı digər yazı sistemlərindən daha dolğun şəkildə əks etdirir.
450 il kölgədə qalıb
Yeni əlifba cəmiyyətdə dərhal qəbul edilməyib.
Elan edildikdən qısa müddət sonra alim Çxve Manri krala rəsmi etiraz ünvanlayaraq Çin yazısından imtinanın mədəni irsə zidd olduğunu və savadlılığın aşağı təbəqələr arasında yayılmasının mövcud ictimai sistemi zəiflədə biləcəyini bildirib.
Aristokratiya daha 450 il Hança yazısından istifadə etməyə davam edib. "Hanqıl” əsasən qadınlar, buddist rahiblər və xalq arasında məşhur romanların müəllifləri tərəfindən istifadə olunub. Hətta həmin dövrdə bu yazı aşağılayıcı şəkildə "qadın yazısı” adlandırılırdı.
Rəsmi statusunu yalnız 1894-cü ildə, Çoson dövlətində aparılan islahatlar zamanı alan Hanqıl 1910–1945-ci illərdə Yaponiya işğalı dövründə koreyalılar üçün milli kimliyin rəmzinə çevrilib.
Məhz həmin illərdə dilçi Çu Si Gyon bu yazı sisteminə bu gün istifadə olunan Hanqıl — yəni "böyük yazı” adını verib. 1945-ci ildə Koreya azad edildikdən sonra Hanqıl həm Şimali, həm də Cənubi Koreyanın rəsmi yazı sistemi elan olunub.
Uzun müddət itmiş hesab edilən "Hunminjeongeum” əsərinin orijinal nüsxəsi 1940-cı ildə tapılıb və 1997-ci ildə "UNESCO”nun "Dünya Yaddaşı” reyestrinə daxil edilib.
Aydın
Şərhlər