"Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Qanuna dəyişiklik edilib. Qanuna görə, sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılma müddəti uzadılacaq. Bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında müzakirə olunub. Qanun layihəsinə əsasən, Azərbaycan Respublikası ərazisində sahibkarlıq sahəsində aparılan yoxlamalar 2027-ci il yanvarın 1-dək dayandırılacaq.
Deputat Vüqar Bayramov Qaynarinfo-ya açıqlamasında deyib ki, yoxlamaların növbəti bir il müddətinə dayandırılması sahibkarlığın inkişafına xüsusi dəstəkdir:
"Biz ötən müddətdə yoxlamaların sayının kəskin azalmasını müşahidə etmişik. Baxmayaraq ki, vergi yoxlamaları davam edir, son 5 ildə səyyar vergi yoxlamalarının sayı 6 dəfəyə yaxın azalıb. Bir tərəfdən Prezidentin tapşırığına uyğun olaraq müddət uzadılır, digər tərəfdən isə elektronlaşma nəticəsində səyyar yoxlamalar minimuma enir. 2026-cı ildən etibarən Dövlət Vergi Xidməti tərəfindən tətbiq olunmağa başlayan hüquqi monitorinqin də məqsədi yerində yoxlamaların sayını daha da azaltmaqdır”.
Vüqar Bayramovun fikrincə, bu qərar sahibkarlığın inkişafını birmənalı şəkildə stimullaşdıracaq.
Sabiq deputat Rüfət Quliyev isə bildirib ki, bu qərar sahibkarlıq mühitinin münbitləşməsinə, xüsusən də kiçik və orta sahibkarlığın inkişafına müsbət təsir göstərir:
"Əvvəllər bəzi məmurların özbaşınalıqları var idi, istənilən şəxs yoxlama adı altında sahibkarın yanına gəlirdi. Çox vaxt bunun arxasında şəxsi maddi maraqlar dayanırdı. Prezidentin siyasi qərarı ilə bu özbaşınalıqların qarşısı alındı”.
Rüfət Quliyev vurğulayıb ki, hazırda yoxlama aparmaq üçün ciddi hüquqi prosedur mövcuddur:
"İndi hər hansı yoxlama üçün Ədliyyə Nazirliyində qeydiyyatdan keçmək və xüsusi icazə almaq lazımdır. Sahibkarlara həmişə demişəm ki, kimsə yoxlamaya gəlirsə, ondan sənəd və Ədliyyə Nazirliyinin qeydiyyatını tələb edin. Bu prosedur vergi yoxlamalarına da şamil olunur”.
Qeyd edək ki, ölkədə sahibkarlığın inkişafını stimullaşdırmaq məqsədilə yoxlamalar ilk dərəcə 2015-ci il noyabrın 1-dən dayandırılıb. Əvvəlki qərarın müddəti 2026-cı il yanvarın 1-də başa çatırdı.
Bahar Rüstəmli
Şərhlər