XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Bu tətil formatı Avropanı həddindən artıq turizmdən xilas edə bilər: Sirri nədir?
Dünya23:25 05.09.2026

Bu tətil formatı Avropanı həddindən artıq turizmdən xilas edə bilər: Sirri nədir?

Avropanın məşhur turizm məkanlarında həddindən artıq turist sıxlığı səyahətçiləri yeni istirahət formatları axtarmağa vadar edir. Ekspertlər isə turistlərə ən populyar məkanları ziyarət etməyə imkan verən, eyni zamanda kütləvi turizmin həm səyahətçilər, həm də yerli icmalar üçün mənfi təsirlərini azaldan başqa bir seçimə diqqət yetirməyi təklif edirlər. Söhbət uzunmüddətli və tələsmədən həyata keçirilən piyada səyahətlərdən (walking holiday) gedir.

Qaynarinfo "Euronews Travel"ə istinadən xəbər verir ki, bu format yaxın vaxtlara qədər daha çox məhdud sayda turistin maraq göstərdiyi hobbi hesab olunurdu.

Nəşrin məlumatına görə, son bir il ərzində “Google”un Böyük Britaniya seqmentində bu istirahət formatı ilə bağlı axtarışların sayı təxminən 60 faiz artıb.

“Turizmin həddindən artıq olması təkcə turistlərin sayı ilə bağlı deyil, həm də onların müəyyən məkanlarda cəmləşməsi ilə əlaqədardır”, deyə Yunanıstanda yaşayan piyada yürüşləri üzrə mütəxəssis Anni Antonatu izah edib.

O, buna nümunə kimi məşhur Yunanıstan adası Santorinini göstərib. Onun sözlərinə görə, kruiz turistlərinin yaratdığı izdiham adanı demək olar ki, fasiləsiz növbəyə çevirib. Bununla belə, piyada səyahətlər daha balanslı turizm modelinin formalaşmasına kömək edə bilər.

“Turistlər pik saatlarda məşhur müşahidə meydançalarında toplaşmaq əvəzinə kəndlərə, cığırlara və daha az tanınan adalara səpələnirlər”, deyə Antonatu bildirib.

Ekspert əlavə edib ki, pik mövsümdən kənarda və tələsmədən səyahət edən piyada turistlər pullarını əsasən yerli bizneslərdə xərcləyirlər. Bunlara otellər, bərə şirkətləri, çörəkbişirmə müəssisələri və meyxanalar daxildir.

Bu fikirlə İtaliyanın Amalfi sahillərində piyada turlar təşkil edən “Exodus Adventure Travels” şirkətinin bələdçisi Veriano Verde də razıdır.

Amalfi sahili bu ilin əvvəlində turist sıxlığı ilə bağlı xəbərlərə çıxmışdı. Viral videolardan birində turistlərin dar küçələrdə çiyin-çiyinə hərəkət etdiyi və bərə növbələrində sıxlıq yaratdığı, yerli sakinlərin isə evlərindən çıxmaqda çətinlik çəkdiyi göstərilmişdi.

Verdənin sözlərinə görə, piyada səyahətlər bütün tərəflər üçün faydalı seçimdir: yerli sakinlər və bizneslər bundan gəlir əldə edir, turistlər isə əsl Amalfi və ətraf kəndlərlə daha sakit, təcrid olunmuş və yaddaqalan şəkildə tanış olmaq imkanı qazanırlar.

“Kiçik kənddə həyatın cəlbediciliyi məkanın əsl autentikliyini və gündəlik həyatı yerli sakin kimi hiss etməkdir. Hətta bu gün də bir çox insan əsas yoldan 300-400 addımlıq məsafədə yaşayır, bəzi ərazilərdə isə insanlar demək olar ki, yalnız piyada hərəkət edirlər”, deyə Verde bildirib.

Aydın