Matyö Blazi Qabriel Şanelin karyerasını nağıl kimi görür. Bu, onun 7 iyulda Parisdə keçirilən ikinci lüks moda ("haute couture”) nümayişinin mövzusu idi. Bəlkə də səbəb Blazinin öz karyerasının da nağıla bənzəməsidir. Moda evinə gəldiyi vaxtdan bəri Blazinin qadınlar üzərində yaratdığı sehr geyinməyin əyləncəsini və zövqünü sanki uşaqcasına yenidən kəşf etdirdi. O, demək olar, bir həmlə ilə bütün çətinlikləri aradan qaldırdı, hər şeyi yüngülləşdirdi, ona xəfif şıltaqlıq qatdı, eyni zamanda müxtəlif qadınlar üçün geyinilməsi son dərəcə rahat və praktik olan libaslar yaratdı. Bütün bunlar sehrli bir dönüşüm təsiri bağışladı.
Ölçüyə uyğun tikilən və qiyməti altırəqəmli məbləğlərlə ifadə olunan geyimləri ala bilən azsaylı qadınlardan tutmuş, onları telefon ekranlarından izləyən milyonlarla insana qədər bu getdikcə kiçilən sənət sahəsi insanı başqa aləmə aparmaq və valeh etmək baxımından bənzərsiz gücə malikdir.
Matyö Blazi "Chanel” üçün hazırladığı ikinci lüks moda kolleksiyasının nümayişində də fantaziya dolu nağıl dünyasını tam mənimsəmişdi. Səhnə nəhəng lobya saplağı və psixodelik çiçəklərlə bəzədilmişdi. Geyimlər isə "Çəkməli pişik”, yaxud "Qızılsaç və üç ayı” kimi klassik uşaq nağıllarının müasir yozumlarını xatırladırdı.
Nümayişdən sonra səhnə arxasında dizayner Qabriyel "Koko” Şanelin (Gabrielle "Coco” Chanel) Parisdəki mənzilində tapdığı köhnə, dəri cildli nağıl kitabını nümayiş etdirib. O bildirib ki, özünə belə bir sual verib: "Qabriyelin həyatı da nağıl idimi? O da qızıl yumurtlayan qazını tapmaq üçün nərdivanına qalxmışdımı?”
Bu ideyadan çıxış edən Blazi moda evinin qurucusu ilə xəyali dialoqunu davam etdirib, eyni zamanda özünəməxsus və qeyri-adi istiqamətlərə də üz tutub. Buna nümunə kimi onun və komandasının ilham mənbəyi kimi yetişdirdiyi cücərmiş lobyaların təsvirləri ilə dolu əhval lövhəsini göstərmək olar.
Bu ideya açılış obrazında da öz əksini tapıb. Kobud gipürdən hazırlanmış şəffaf jilet və ətək böyüdülmüş tvid toxumasını xatırladırdı. Ardınca üçölçülü çiçəklərlə işlənmiş sarmaşıq naxışlı tikmələr təqdim olunub və bu, Blazinin "Chanel” estetikasının əsas elementlərindən birinə çevirdiyi flora və fauna motivləri ilə zəngin kolleksiya üçün zəmin yaradıb.
Hörümçəyə bənzər çiçəklər büzməli ətəkli yasəmən rəngli kətan donun üzərinə yayılırdı. Həşərat formalı düymələr isə zəhərli sarmaşığın yaşıl çalarlarını xatırladan parlaq qara jaketin üzərində yer almışdı. Geyimlər qalın, təbii teksturalar və qiymətli bəzəklərlə zəngin idi, lakin dekorativ elementlərin əksəriyyəti qəsdən gizlədilmişdi.
"‘Chanel’ lüks modası böyük ‘vau’ effekti yaratmaq üçün deyil. ‘Chanel’ lüks modası detallardan ibarətdir”, — Blazi bildirib. "İnsanlar lüks modanı böyük rəsm əsəri kimi qəbul edirlərsə, məncə, ‘Chanel’də bu daha çox miniatürü xatırladır — qiymətli görünən, eyni zamanda cibinizə sığacaq qədər incə bir əsəri.”
Bəzi jaketlərin astarında mürəkkəb illüstrasiyalar yer alırdı. Digərlərində isə şəffaf ipəkdən hazırlanmış, üzərində "görüləcək işlər” siyahıları tikilmiş saxta "Post-It” qeydləri gizlədilmişdi. Bir çox modeldə sökülmüş kənarlar diqqəti cəlb edirdi. Bu detal Şanelin geyim sınaqları zamanı sərt yanaşmasından ilhamlanıb. Modellərin sözlərinə görə, o, sancaqlardan olduqca amansız istifadə edirdi.
"O, geyimə hücum edir. Qolu sancaqla bərkitmir, qoparır. Məni məhz geyim hazırlanmasının bu fiziki prosesi çox maraqlandırdı”, — Blazi bildirib və bunu Martin Marjielanın (Martin Margiela) "Artisanal” xətti üzərində işlədiyi dövrlə əlaqələndirib. "Hər ikisi qarderob anlayışı, geyimin funksiyası və fantaziyası baxımından həqiqətən inqilabçı idi.”
Şəxsi işarələrin ustalıqla istifadə olunması və uşaq təəccübünü xatırladan heyrət hissi "Chanelmania”nı gücləndirən emosional bağın formalaşmasında mühüm rol oynayır. Müştərilərin toyuq və ya yatan ayı formasında hazırlanmış kiçik minodyerlərə, eləcə də dabanları kəpənək və ya qızıl yumurta şəklində işlənmiş ayaqqabılara böyük maraq göstərəcəyi şübhə doğurmur.
"Chanel SAS”ın prezidenti və moda üzrə prezidenti Bruno Pavlovski bildirib ki, Blazi təbiətə — onun "ən yüksək lüks” adlandırdığı anlayışa — xüsusi diqqət yetirməklə yanaşı, lüks modaya çoxdan unudulmuş şıltaqlıq və məqsəd hissini də qaytarıb.
"Lüks modanı bu qədər həyəcanverici hesab etməyimdən uzun müddət keçmişdi”, — Pavlovski etiraf edib. "Məni valeh edən onun hazır geyimdən daha da fərqlənən unikal mövqeyinin yenidən bərpa edilməsidir. Bu, həm də Matyö kimi lüks modaya yeni gələn dizaynerlərin bu konsepsiyanı sözün əsl mənasında qəbul etməsi ilə bağlıdır.”
Çərşənbə axşamı "Grand Palais”də keçirilən iki nümayişdən əvvəl müştərilər və onların qonaqları Rue Cambon küçəsində yerləşən lüks moda salonuna dəvət olunaraq "Chanel”in orijinal dizaynlarından ibarət seçmə kolleksiya ilə tanış olublar.
Qabriyel "Koko” Şanelin monastır yetimxanasından dünya şöhrətli modelyerə çevrilməsi nağıl kitablarına layiq hekayədir. Lakin Blazi onun şəxsiyyətinin daha qaranlıq tərəfinə də toxunub. Kolleksiyada tüklü raffiyadan hazırlanmış müqəvva jaketi, qızıl zəncirlərin sağsağan yuvasını xatırladan qatlarla tamamlanmış kostyumlar və ənənəvi gəlinlikdən sonra nümayiş etdirilən final obrazı — çiyinləri açıq qara don təqdim olunub.
"Bu ‘qisas donu’ ilə nümayişi yekunlaşdırmaq Şanelin nağılının mükəmməl xülasəsi idi”, — Blazi qeyd edib. "O, heç vaxt evlənmədi.”
Cavid
Şərhlər