Xəbər lenti

NATO yol ayrıcında - 5 kritik məqam
Dünya 10:19 08.07.2026

NATO yol ayrıcında - 5 kritik məqam

ABŞ-ın strateji diqqətini Asiyaya yönəltməsi və Rusiya təhlükəsinin davam etməsi fonunda NATO tarixinin ən mühüm sammitlərindən birini Ankarada keçirir. Vaxtilə alyansın "problemli üzvü" kimi təqdim olunan, lakin dəyişən geosiyasi şəraitdə yenidən "əvəzolunmaz müttəfiq" kimi qiymətləndirilən Türkiyə sammitdə həm müdafiə sənayesi potensialı, həm də ABŞ ilə F-35 proqramı və CAATSA sanksiyaları ətrafında aparılan danışıqlarla diqqət mərkəzindədir.

Qaynarinfo xəbər verir ki, "Hürriyet" qəzetinin yazarı Gökçə Aytulunun fikrincə, Avropa və ABŞ-dan olan rəsmilər Ankarada keçirilən sammitin əvvəlkilərlə müqayisədə daha böyük əhəmiyyət daşıdığını vurğulayırlar. Müəllifin fikrincə, bunun əsas səbəbi NATO-nun hazırda strateji yol ayrıcında olmasıdır.

ABŞ-ın prioritetlərinin dəyişməsi

Təhlilə görə, NATO qarşısında duran əsas problemlərdən biri ABŞ-ın strateji diqqətini getdikcə Hind-Sakit okean regionuna yönəltməsi və Avropaya ayırdığı hərbi resursları azaltmasıdır. Müəllif hesab edir ki, bu vəziyyət Avropanı təhlükəsizlik sahəsində ABŞ-dan asılılığını yenidən qiymətləndirməyə məcbur edir.

Müdafiə xərcləri silah istehsalına çevrilmir

Məqalədə qeyd olunur ki, əsas problem müdafiə büdcələrinin artırılması deyil, ayrılan vəsaitin qısa müddətdə silah istehsalına çevrilə bilməməsidir. Müəllifin fikrincə, bu baxımdan Ankarada keçirilən müdafiə sənayesi forumu NATO üçün mühüm əhəmiyyət daşıyır. Alyansın baş katibi Mark Ruttenin birgə əməkdaşlıq təşəbbüsü də bu ehtiyacın göstəricisi kimi qiymətləndirilir.

Rusiya təhlükəsi

Müəllif vurğulayır ki, NATO-nun 77 illik tarixində dəyişməyən əsas təhlükəsizlik problemi Rusiyadır. Onun qiymətləndirməsinə görə, Rusiyanın hərbi təzyiqləri, sabotaj fəaliyyətləri və hibrid təhdidləri alyansın şərq və şimal cinahları üçün əsas risk hesab olunur. Avropanın müdafiə planlaşdırmasının da əsasən bu təhlükə üzərində qurulduğu qeyd edilir.

Avropanın dilemması

ABŞ dəstəyinin azalması fonunda Avropanın müdafiə sənayesində sursat, hava hücumundan müdafiə sistemləri və ağır silah istehsalı sahəsində çatışmazlıqlar ön plana çıxır. Müəllif yazır ki, bir tərəfdən Avropa öz müdafiə imkanlarını sürətlə gücləndirmək istəyir, digər tərəfdən isə Fransa başda olmaqla bəzi ölkələr Türkiyənin bu sahədə daha fəal rol almasına ehtiyatla yanaşırlar. Təhlildə qeyd edilir ki, Ankaradakı sammit bu ziddiyyətlərin aradan qaldırılması üçün yeni addımların atılmasına şərait yarada bilər.

Qərarların icrası problemi

Məqalədə NATO-nun digər mühüm problemlərindən biri kimi müdafiə sahəsində qəbul edilən siyasi qərarların icrasını təmin edən mexanizmlərin kifayət qədər səmərəli işləmədiyi göstərilir. Müəllif bildirir ki, bu səbəbdən ABŞ Prezidenti Donald Tramp administrasiyası üzv dövlətlərin öhdəliklərini daha ciddi qiymətləndirir.

Türkiyənin NATO-dakı rolu yenidən qiymətləndirilir

Təhlildə xatırladılır ki, bir neçə il əvvəl Türkiyənin NATO-dakı üzvlüyü Qərbdə geniş müzakirə mövzusu idi və ölkə xüsusilə Rusiya ilə münasibətlərinə görə tənqid olunurdu. Müəllifin fikrincə, Rusiya–Ukrayna müharibəsi, Suriyada baş verən dəyişikliklər, Qəzzadakı münaqişə və İran–ABŞ qarşıdurması fonunda geosiyasi reallıqlar dəyişib.

Müəllif qeyd edir ki, son dövrlərdə Qərb mediasında Türkiyənin NATO üçün strateji əhəmiyyətini vurğulayan çoxsaylı məqalələr dərc olunur. "The New York Times" qəzetində "Təhdidlər fonunda NATO Türkiyədə yeni dəyər kəşf etdi" başlıqlı yazıda Türkiyənin alyans üçün həyati əhəmiyyət daşıdığı vurğulanır. "Politico" isə Türkiyənin müdafiə sənayesinin NATO-nun gələcəyində oynaya biləcəyi rolu təhlil edib. "The Telegraph" qəzeti Türkiyəni bəzi məsələlərdə problemli müttəfiq kimi xarakterizə etsə də, onun Qara dəniz, Şərqi Aralıq dənizi və Yaxın Şərq baxımından NATO üçün əvəzolunmaz olduğunu qeyd edir.

Uzun mənzilli raket koalisiyası

Məqalədə bildirilir ki, Ankara sammitinin əsas mövzularından biri də Avropanın yeni müdafiə strategiyasıdır. Müəllif yazır ki, ABŞ-ın Almaniyada yerləşdirilməsi planlaşdırılan "Tomahawk" qanadlı raket bölməsindən imtina etməsindən sonra Rusiya təhlükəsinə qarşı uzun mənzilli raket koalisiyasının yaradılması müzakirə olunur.

Böyük Britaniyanın təşəbbüsü ilə gündəmə gətirilən layihəyə Almaniya, Fransa, Ukrayna və Niderlandın da qoşula biləcəyi bildirilir. Məqsəd təxminən 3 min kilometr mənzilə malik yüksək dəqiqlikli zərbə sistemlərinin hazırlanmasıdır.

CAATSA və F-35 məsələsi

Məqalədə ABŞ Prezidenti Donald Trampın Prezident Rəcəb Tayyib Ərdoğanla görüşü zamanı CAATSA sanksiyalarının ləğvi ilə bağlı verdiyi açıqlamanın mühüm mərhələ olduğu qeyd edilir.

Müəllif yazır ki, bu addım Türkiyəyə F-35 qırıcılarının yenidən satılması istiqamətində vacib şərt hesab olunur. CAATSA sanksiyaları Rusiyadan alınmış S-400 zenit-raket sistemləri səbəbindən tətbiq edilmişdi. Təhlilə görə, tərəflər bu məsələdə razılığa yaxınlaşıblar və ABŞ Müdafiə Nazirliyinin Türkiyənin artıq S-400 sisteminə malik olmadığını hüquqi baxımdan təsdiqləməsindən sonra F-35 satışı məsələsi yenidən ABŞ Konqresinin gündəliyinə çıxarıla bilər.

Aydın

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->