
Rejissor Mark Volfensberq Xəzər dənizində Neft Daşları haqqında ilk dəfə eşidəndə bunun əfsanə olduğunu düşünüb. O, Xəzər dənizinin ortasında, ən yaxın sahildən xeyli uzaqda yerləşən, paslanmış və suyun üzərində üzürmüş kimi görünən nəhəng qollar şəklində uzanan bu sirli şəhər haqqında dəfələrlə eşidirdi. Lakin onun sözlərinə görə, bu yeri çox az adam görmüşdü. “Buradakı sirr və müəmmaların səviyyəsi inanılmaz dərəcədə yüksək idi”, deyə o bildirib.
Qaynarinfo xəbər verir ki, bu barədə CNN yazıb.
Yalnız 1990-cı illərin sonlarında su daşıyan gəmi ilə ora getmək imkanı əldə etdikdən və şəhəri öz gözləri ilə gördükdən sonra bunun həqiqət olduğuna əmin olub. Volfensberq CNN-ə danışarkən həmin məkanın gördüyü hər şeydən fərqləndiyini deyib. Hərbi gəmilərin mühafizə etdiyi şəhər onun üçün “dənizin ortasında uzanan avtomobil yolu” təsiri bağışlayırdı və “nəhəng bir səkkizayaq kimi” görünürdü.
Bu heyrətamiz şəhəri lentə almaq istəyən rejissor yenidən ora getmək üçün icazə almağa səkkiz il sərf edib. Nəhayət, 2008-ci ildə istəyinə nail olub və “Neft Daşları: dənizin üstündə şəhər” sənədli filmini çəkmək üçün burada iki həftə keçirib.
Neft Daşları Xəzər dənizinin geniş ərazisində yerləşən, kilometrlərlə uzanan körpülərlə birləşdirilmiş neft quyuları və hasilat məntəqələri şəbəkəsidir. Xəzər dünyanın ən böyük gölü hesab olunur. Bu sənaye şəhəri Azərbaycanın paytaxtı Bakıdan təxminən 60 mil, yəni 97 kilometr aralıda yerləşir. Materikdən ora qayıqla getmək bir neçə saat çəkir.

Ginnesin Rekordlar Kitabına görə, Neft Daşları dünyanın ən qədim dənizüstü neft hasilatı məntəqəsidir. Ən çiçəklənən dövründə burada 5 mindən çox insan yaşayırdı.
Lakin son onilliklərdə şəhərin əhalisi azalıb, bəzi hissələri baxımsız vəziyyətə düşüb və dənizin təsiri altında dağılıb. Buna baxmayaraq, neft hasilatı hələ də davam edir. Neft Daşları Azərbaycanın Xəzər dənizində neftlə zəngin tarixinin rəmzidir. Planetin istiləşməsinə səbəb olan fosil yanacaqlarla zəngin bu nəhəng su hövzəsi isə iqlim böhranının təsiri ilə eyni zamanda nəzərəçarpacaq dərəcədə kiçilir.
Sovet dövründə yaranan dəniz şəhəri
Neft Daşlarının tarixi sovet dövrünə gedib çıxır. 1940-cı illərin sonlarında neftçilər kiçik bir adaya gələrək qazma qurğusu və işçilərin qalması üçün balaca bir ev inşa ediblər. İlk kəşfiyyat quyusu 1949-cu ildə qazılıb və oradan “qara qızıl” fəvvarə vuraraq səthə çıxıb.
Neft yatağından sahilə ilk neft tankeri 1951-ci ildə göndərilib. Bundan sonra şəhərin tikintisinə geniş miqyasda başlanılıb. Volfensberqin sözlərinə görə, sonrakı illərdə burada yaradılanlar memarlıq və texniki baxımdan əsl möcüzə idi.

Şəhər tədricən genişlənib. Dənizin dibinə basdırılmış metal dayaqlar üzərində qurulan tikililər su səviyyəsindən bir neçə fut yüksəklikdə yerləşirdi və uzaqdan suyun üzərində üzürmüş kimi görünürdü.
Nəticədə burada təxminən 2 min neft quyusu və 320-yə yaxın hasilat məntəqəsi yaradılıb. Onlar ümumi uzunluğu 100 mildən, yəni 160 kilometrdən çox olan körpülərlə birləşdirilib. Neft və qaz kəmərlərinin uzunluğu isə 60 mildən, təxminən 97 kilometrdən çox olub.
İstismardan çıxarılmış yeddi gəmi bu əraziyə gətirilərək qəsdən batırılıb. Gəmilərin qalıqları şəhəri küləkdən və dalğalardan qorumaq üçün süni körfəz yaradıb. Bununla belə, Neft Daşları fırtınalara və sərt dəniz şəraitinə qarşı həssas olaraq qalıb.
Azərbaycanın neft-qaz sektorunda insan hüquqları məsələləri ilə məşğul olan Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının rəhbəri Mirvari Qəhrəmanlı bildirib ki, batırılmış gəmilərin bəzilərinin qalıqları suyun səthindən görünür.
Sonrakı onilliklərdə şəhərdə neftçilər üçün yataqxanalar, çörək sexi, yüzlərlə tamaşaçı tutan teatr, mağazalar, tibb məntəqələri, futbol meydançası və helikopter meydançası yaradılıb. Hətta polad konstruksiyaların üzərində ağaclar əkilib və park salınıb.
Qəhrəmanlının sözlərinə görə, Azərbaycanda bəziləri bu yeri “dünyanın səkkizinci möcüzəsi” adlandırır. Digərləri isə şəhəri əhatə edən batırılmış gəmilərə görə ona “yeddi gəmi adası” deyirlər.

75 ildə 180 milyon tona yaxın neft hasil edilib
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) məlumatına görə, ona məxsus olan və şirkət tərəfindən idarə edilən Neft Daşları 75 illik fəaliyyəti ərzində təxminən 180 milyon ton neft hasil edib. Şəhər ən məhsuldar dövrünü 1967-ci ildə yaşayıb. Həmin il rekord həcmdə – 7,6 milyon ton neft hasil olunub.
Bununla belə, son onilliklərdə daha böyük neft yataqlarının istismara verilməsi və neft qiymətlərinin dəyişməsi Neft Daşlarının əhəmiyyətini azaldıb.
SOCAR-ın yanvar ayına aid məlumatlarına əsasən, gündəlik hasilat 3 min tondan aşağı düşüb. Bu isə ildə təxminən 1 milyon ton neft deməkdir.
ABŞ Hərbi Dəniz Qüvvələrinin Ali Təhsil Məktəbində enerji məsələləri üzrə ekspert olan və Xəzər regionunda neft-qaz şirkətlərinə məsləhətlər verən Brenda Şaffer bildirib ki, Neft Daşlarında hasil olunan neft Azərbaycanın ümumi neft istehsalının yalnız kiçik hissəsini təşkil edir. O əlavə edib ki, ölkənin neft hasilatının böyük hissəsi daxili bazara yönəldilir.

Hasilat azaldıqca şəhərin əhalisi də təxminən 2 min nəfərə qədər enib. Burada çalışan işçilər adətən dənizdə 15 günlük növbə ilə işləyir, daha sonra materikdəki evlərinə qayıdaraq 15 gün istirahət edirlər.
Neft tükəndikdən sonra şəhəri nə gözləyir?
Neft ehtiyatları tükəndikdən sonra bu nəhəng dəniz şəhərinin taleyinin necə olacağı ilə bağlı uzun illərdir suallar səsləndirilir.
Volfensberq sənədli filminin sonunda hakimiyyət orqanlarının qarşısında duran çətin seçimləri sadalayır: şəhəri böyük xərc hesabına sökmək, onu istirahət mərkəzinə çevirmək və ya tamamilə tərk etmək. Sonuncu variantın isə “böyük ekoloji fəlakətə yol aça biləcəyini” qeyd edir.

Bəzi ekspertlər şəhərin başqa məqsədlər üçün istifadə ediləcəyini düşünürlər. Şaffer hesab edir ki, neft ehtiyatları tükəndikdən sonra Neft Daşları böyük ehtimalla turistlərin diqqətini cəlb edən məkana çevriləcək.
Volfensberq isə onun muzey kimi fəaliyyət göstərə biləcəyini düşünür.
“Bura dənizdə neft kəşfiyyatının beşiyidir. Bu, bizim tarixi irsimizin bir hissəsidir”, deyə rejissor bildirib.
Aydın
