
Qaynarinfo-nun “Bir Plus” layihəsinin növbəti qonağı əkiz autizmli qız anası, sosial şəbəkələrdə maarifləndirmə işi aparan Aysel Əsəd olub.
Aparıcı Çinarə Ömray ilə söhbət zamanı o, xüsusi ehtiyaclı uşaqların cəmiyyətdə qəbul edilməsi, təhsil problemləri və səhiyyə sistemindəki nöqsanlardan bəhs edib. Övladlarını heç vaxt cəmiyyətdən gizlətmədiyini bildirən Aysel Əsəd vurğulayıb ki, fərqlilik utanılacaq bir hal deyil:
“Mən övladlarımı gizlədəcək bir şey görmürəm. Xüsusi olmaları utanılacaq bir şey deyil. Autizm bir xəstəlik yox, neyroinkişaf pozuntusudur və onun dərmanla müalicəsi mövcud deyil”.
O, sosial şəbəkələrdə autizmi sağaltdığını iddia edən şəxslərə və qeyri-rəsmi klinikalara qarşı valideynləri diqqətli olmağa çağırıb:
“Yerindən duran çıxır "Instagram"da reels paylaşır ki, mən autizmi sağaldıram. Yüz ildir dünya alimlərinin tapa bilmədiyini onlar necə tapıblar? Dərmanların tərkibi məlum deyil, pilləkənaltı klinikalarda məlhəmlər hazırlayırlar. Bu, valideynlərin çarəsizliyindən istifadə edən dələduzluqdur”.
Məktəblərdə yaşanan problemlərə toxunan ana digər valideynlərin şikayətləri səbəbindən autizmli uşaqların təhsildən kənarlaşdırılmasını tənqid edib və inklüziv yanaşmanın təkcə ailələrdə deyil, bağçalarda, məktəblərdə və televiziyalarda geniş təbliğ olunmasının vacibliyini bildirib.
Xatırladaq ki, veriliş hər cümə günü saat 20:00-da Qaynarinfo-nun YouTube kanalı – Qaynar TV-də yayımlanır.
