Göz qapaqlarında yaranan sarımtıl ləkələr infarkt və insult riskinin artmasının xarici əlaməti ola bilər. Bu qənaətə Stenford Universitetinin alimləri 36 minə yaxın insanın məlumatlarını təhlil etdikdən sonra gəliblər.
Qaynarinfo xəbər verir ki, tədqiqatın nəticələri “Atherosclerosis” jurnalında dərc olunub.
Söhbət ksantelazmalardan – göz ətrafında hüceyrələrdə xolesterin və digər yağların toplanması nəticəsində yaranan sarımtıl törəmələrdən gedir. Onlara xolesterinin səviyyəsi yüksək olan insanlarda daha çox rast gəlinir, lakin bu törəmələr qanda xolesterin göstəriciləri normal olduqda da yarana bilər.
Tədqiqatçılar ksantelazması olan 17 925 pasiyentin məlumatlarını bu törəmələri olmayan eyni sayda insanın göstəriciləri ilə müqayisə ediblər. Diaqnoz qoyulduqdan sonrakı ilk il ərzində birinci qrupdakı insanların 1 faizində infarkt baş verib. İkinci qrupda bu göstərici 0,35 faiz təşkil edib.
İnsult birinci qrupun 0,95 faizində, ikinci qrupun isə 0,3 faizində qeydə alınıb. Keçici işemik həmlə – beyində qan təchizatının qısamüddətli pozulması isə müvafiq olaraq 0,6 və 0,19 faiz təşkil edib.
Ürək-damar ağırlaşmalarının yüksək ehtimalı beş və on il sonra da qorunub. Bununla yanaşı, ksantelazmalarla infarkt və insult riski arasındakı əlaqə qandakı yağların səviyyəsindən asılı olmayaraq müşahidə edilib.
Alimlər vurğulayırlar ki, bu ləkələrin özləri infarkt və ya insult yaratmır. Onlar ürək-damar riskini artıran pozuntuların xarici göstəricisi ola bilər. Buna görə də belə törəmələrin meydana çıxması xolesterinin səviyyəsini, arterial təzyiqi və ürək-damar sisteminin sağlamlığını xarakterizə edən digər göstəriciləri yoxlamaq üçün səbəb ola bilər.
Aydın
Şərhlər