Xəbər lenti

Dörd nəsilin fərqi: Cəlbedicilik haqqında anlayış tamamilə dəyişir
DƏB 23:26 05.08.2026

Dörd nəsilin fərqi: Cəlbedicilik haqqında anlayış tamamilə dəyişir

İnsanların cəlbedicilik haqqında təsəvvürləri zaman keçdikcə dəyişir. 

Qaynarinfo xəbər verir ki, "YourTango" nəşrinin yazdığına görə, gənclik və simmetrik üz cizgiləri bütün dövrlərdə ümumi meyar hesab olunsa da, hər nəslin özünəməxsus üstünlükləri var.

Mütəxəssislərin fikrincə, əvvəlki nəsillər daha çox evlilik və ailə qurmağa yönəldikləri üçün sabit həyat təmin edə biləcək tərəfdaşları daha cəlbedici hesab edirdilər. Müasir gənclər isə insanın xarakterinə, dəyərlərinə və şəxsi keyfiyyətlərinə daha çox önəm verirlər.

"Baby Boomer" nəsli

1946–1964-cü illərdə doğulan "Baby Boomer" nəslinin nümayəndələri sabit həyat qurmağa hazır olan insanları daha cəlbedici hesab edirdilər. Bu yanaşma həm ailənin əsas təminatçısı, həm də ev təsərrüfatını idarə edən tərəfdaş modeli ilə əlaqələndirilirdi.

Bununla yanaşı, həmin nəslin bir hissəsi karyeraya böyük əhəmiyyət verir və oxşar məqsədləri olan insanlara üstünlük verirdi. Digər hissəsi isə hippi mədəniyyətinin təsiri altında fərdiliyini sərbəst ifadə edən insanları daha cazibədar sayırdı.

X nəsli

Təxminən 1965–1980-ci illərdə doğulan X nəsli üçün müstəqillik və sərbəst düşüncə əsas cəlbedicilik xüsusiyyətlərindən biri idi.

Bu nəslin nümayəndələri uşaqlıqdan daha müstəqil böyüdükləri üçün eyni keyfiyyətləri qarşı tərəfdə də görmək istəyirdilər. Onlar üçün asılı və təşəbbüskarlığı zəif olan insanlar o qədər də cəlbedici hesab edilmirdi.

Populyar mədəniyyət də onların baxışlarına təsir göstərib. Televiziya vasitəsilə fərqli görünüşə və həyat tərzinə malik məşhurları izləmələri müxtəlifliyi daha asan qəbul etmələrinə səbəb olub.

Millennialar (Y nəsli)

1981–1996-cı illərdə doğulan millennialar internet dövründə böyüyən və onlayn tanışlıq platformalarından geniş istifadə edən ilk nəsil olub.

Onlar üçün cəlbedicilik daha çox insanın xarakteri və şəxsiyyəti ilə əlaqələndirilir. Millennialar sosial statusu və ya gəlir səviyyəsini əvvəlki nəsillərlə müqayisədə daha az önəmli hesab edirlər.

Bununla yanaşı, onlar dəyərlərin və mənəvi prinsiplərin, o cümlədən siyasi baxışların uyğunluğuna daha çox diqqət yetirirlər.

Bu nəsil üçün qarşılıqlı hörmət münasibətlərdə ən vacib xüsusiyyətlərdən biri sayılır. Onlar cəmiyyətin evlənmə ilə bağlı gözləntilərini əvvəlki nəsillər qədər hiss etmədikləri üçün daha çox qarşılıqlı sevgi və emosional uyğunluğa üstünlük verirlər.

Z nəsli

1997–2012-ci illərdə doğulan Z nəsli isə münasibətlərdə şəxsi xoşbəxtliyi əsas prioritet hesab edir.

Bu nəslin nümayəndələri əvvəlki nəsillərdən fərqli olaraq, maddi sabitlikdən çox birlikdə həyatdan zövq ala biləcəkləri insan axtarırlar.

Onlar üçün ən cəlbedici tərəfdaş onları anlayan, ortaq maraqları bölüşən və birlikdə xoş vaxt keçirməyə imkan yaradan insandır.

Qeyd olunur ki, bu yanaşmalar ümumi tendensiyaları əks etdirir və hər bir fərdin seçimləri şəxsi təcrübəsindən, mədəni mühitindən və dəyərlərindən asılı olaraq fərqlənə bilər.

Aydın

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->