Dünya 13:10 16.09.2022

Dünya ölkələri Rusiya təyyarələrini öz hava məkanına buraxmaya bilər - ICAO

BMT-nin strukturuna daxil olan Beynəlxalq mülki aviasiya təşkilatı (ICAO) uçuşların təhlükəsizliyinin nəticələrinin auditi səhifəsində Rusiyaya "qırmızı bayraq” verib.
 
Qaynarinfo xəbər verir ki, bu barədə "Aviasiya Rossii” saytı xəbər verir.

Təşkilat Rusiya Federasiyasında uçuşa yararlılıq kateqoriyasında standartların tətbiqinin effektivliyinin qiymətləndirilməsini 77,4%-ə endirib.

"2022-ci ildə ICAO Rusiyanın öz yurisdiksiyası altında olan təyyarələrə lazımi şəkildə nəzarət edə bilməsi ilə bağlı əsas təhlükəsizlik narahatlığını müəyyən edib”, - izahatda deyilir.

Sentyabrın 14-də Beynəlxalq mülki aviasiya təşkilatının (ICAO) Federal Hava Nəqliyyatı Agentliyinə Rusiya aviaşirkətləri tərəfindən icarəyə götürülmüş təyyarələrin ikili qeydiyyatını aradan qaldırmağı tapşırdığı 90 günlük müddət başa çatıb. Beynəlxalq mülki aviasiya haqqında Çikaqo Konvensiyasının 18-ci maddəsinə uyğun olaraq, hava gəmisinin birdən çox dövlətdə qeydiyyatı etibarlı sayıla bilməz.

Rusiyada ikili qeydiyyatı (Rusiya və Bermud) olan yüzlərlər xarici istehsal təyyarəsi var. 2022-ci ilin martında Bermud Mülki Aviasiya İdarəsi (BCAA) Bermud adalarında qeydiyyatdan keçmiş Rusiya aviaşirkətlərinin uçuşa yararlılıq sertifikatlarını dayandırıb.

Təyyarə parkını qorumaq və təyyarələrin uçuşa yararlılığını müstəqil şəkildə təmin etmək üçün onlardan 500-dən çoxu Rusiya yurisdiksiyasına verilib. 13 sentyabr tarixinə 560 təyyarə eyni vaxtda Rusiya və Bermud reyestrlərində olub.

İCAO-nun sözçüsü Entoni Filbinin iyun ayında vediyi şərhə görə, təyyarələrin ikili qeydiyyatı təyyarənin radiostansiya lisenziyasının və uçuşa yararlılıq sertifikatının beynəlxalq səviyyədə tanınması ilə bağlı problemlər yaradır. O, xəbərdarlıq edib ki, problem sentyabrın ortalarına qədər həll olunmasa, Rusiya qarşısında ICAO-nun saytında "qırmızı bayraq” görünəcək.

Anonim aviasiya eksperti "The Insider”ə bildirib ki, belə bir qırmızı bayraq 2018-ci ildə Butan dövlətinə verilib, Rusiya bu siyahıda ikincidir. Praktikada bu o deməkdir ki, təhlükəli vəziyyətinə görə dünyanın bütün digər dövlətləri öz hava məkanından Rusiya təyyarələrinin istifadə etməsini qadağan edə bilərlər.

"ICAO-nun bu qərarına əsas təkan məhz Çikaqo Konvensiyasının (dünyada aviasiya sahəsində əsas beynəlxalq müqavilə) hava gəmilərinin ikili qeydiyyatının yolverilməzliyi haqqında əsas müddəasının pozulması olub. Ancaq Rusiya Federasiyasında uçuş təhlükəsizliyi ilə bağlı problemlər uzun müddətdir ki, var. Bunu 2021-ci ilin statistikası sübut edir - Rusiya Federasiyası aviasiya qəzalarının və bu qəzalarda ölənlərin sayında dünya səviyyəli antirekorda imza atıb. Rusiya Federasiyasında bu təhlükəsizlik problemləri hələ 2022-ci ilin fevralından sonra sanksiyaların tətbiqindən əvvəl başlayıb. Sanksiyalar nəticəsində uçuşların təhlükəsizliyi ilə bağlı vəziyyət daha da pisləşib. Buna görə də, ICAO təyyarələrimizin təhlükəli olması ilə bağlı qərar qəbul edərkən təkcə ikili qeydiyyatla bağlı formal əsaslara istinad etməyib. Bunun kifayət qədər obyektiv səbəbləri var. Demək olar ki, bütün Qərb təyyarə istehsalçıları, ilk növbədə Boeing və Airbus Rusiya Federasiyasında işləməkdən imtina etdikdən sonra, bütün xarici təyyarə parkımız (və bu, Rusiya Federasiyasındakı bütün təyyarə parkının ən azı 80% -ni təşkil edir) təhlükəsizlik məsələləri ilə bağlı nəzarətsiz qalıb", - deyə ekspert bildirib.

Başqa bir anonim ekspert "The Insider”ə izah edib ki, ICAO nəyəsə icazə verə və ya qadağan edə bilməz, o, yalnız tövsiyə və məlumat verə bilər. Amma bu məlumat əsasında digər ölkələr Rusiya aviaşirkətlərinə öz hava məkanından istifadəni qadağan edə bilər. Çünki ICAO standartlarına görə, bir ölkənin hava məkanında baş vermiş hər hansı qəza və ya fəlakətə görə aviasiya orqanları və ümumiyyətlə, bu qəzanın baş verdiyi ölkənin hakimiyyət orqanları məsuliyyət daşıyır. Ona görə də ekspertin fikrincə, dünyanın heç bir ölkəsi istəməz ki, uçuş təhlükəsizliyini lazımi səviyyədə təmin etməyən ölkənin təyyarəsi öz hava məkanında qəzaya uğrasın.

Nizami Bağırov