Xəbər lenti

Dünyanın ən pis turistlərin hansı ölkədən olur?
Dünya 19:25 17.07.2026

Dünyanın ən pis turistlərin hansı ölkədən olur?

Böyük Britaniyadan olan turistlər dünyanın ən pis turistləri sırasında göstərilir və onların xaricdəki davranışı uzun illərdir həm yerli sakinlərin, həm də etiket üzrə mütəxəssislərin tənqid obyektinə çevrilib. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Daily Mail" qəzeti "YouGov" sorğusunun nəticələrinə və səyahətçilərlə ekspertlərin rəylərinə istinadən yazıb.

Nəşrin yazdığına görə, Avropanın bir çox məşhur kurortunda britaniyalı turistlərlə bağlı mənfi stereotiplər artıq formalaşıb. Səs-küylü istirahət, həddindən artıq alkoqol qəbulu, hovuz kənarında şezlonq uğrunda mübarizə və yerli davranış qaydalarına məhəl qoymamaq onların xaricdə mənfi reputasiya qazanmasına səbəb olub.

"YouGov" araşdırmasına əsasən, Böyük Britaniya sakinləri də özlərini dünyanın ən pis turistləri sırasında görürlər. Almaniya və İspaniya sakinləri də bu fikirlə razılaşırlar.

Materialda britaniyalı turistlərin günəş vannası qəbul etmə vərdişlərinə də diqqət yetirilir. Etiket üzrə ekspert Co Heys bildirir ki, Böyük Britaniyadan olan turistləri günəşdən ciddi şəkildə yanmış dərilərinə görə asanlıqla tanımaq mümkündür.

Məqalədə İspaniyada yaşayan bir şəxsin "Reddit" platformasında paylaşdığı müşahidəyə də yer verilir. Onun sözlərinə görə, yerli sakinlər britaniyalı turistləri zarafatla "çörək ovuntusuna batırılmış əcnəbi" adlandırırlar. Buna səbəb onların bədənini örtən qalın günəş kremi və ona yapışan qum qatıdır.

Nəşr yazır ki, digər geniş yayılmış problem geyim qaydalarına əməl edilməməsidir. Dünyanın 100-dən çox ölkəsinə səyahət etmiş Li Tompson hesab edir ki, bəzi turistlər restoranları və tarixi abidələri sanki kurortun bir hissəsi kimi qəbul edirlər.

Onun fikrincə, restorana köynəksiz daxil olmaq və ya ibadət məkanlarını çimərlik geyimində ziyarət etmək həmin ölkəyə və onun sakinlərinə hörmətsizlik əlamətidir.

Müəllifin sözlərinə görə, həddindən artıq alkoqol istehlakı da yerli sakinlərdə ən mənfi təəssüratlardan birini yaradır. "Daily Mail" Krit adasında mağaza sahibi olan bir şəxsin fikirlərini sitat gətirir: "Onlar sadəcə sərxoş olur və hər şeyi dağıdırlar. Nə bizə, nə də mədəniyyətimizə hörmət edirlər".

Məqalədə "şezlonq müharibələri" adlandırılan problemə də ayrıca yer ayrılıb. Li Tompson bildirib ki, əvvəllər o da səhər tezdən qalxaraq dəsmal qoymaqla şezlonq tutmağı normal hesab edirdi. Lakin sonradan fikrini dəyişib: "Səyahətlərim sayəsində başa düşdüm ki, əvvəllər zərərsiz tətil ənənəsi kimi gördüyüm bu davranış əslində başqa ölkədə qonaq olarkən olduqca qəribə hərəkətdir".

"Daily Mail"in yazdığına görə, britaniyalı turistlər xaricdə də özlərinə tanış mühit yaratmağa çalışırlar. Onlar yerli mətbəx və mədəniyyəti öyrənmək əvəzinə Britaniya publarını, ənənəvi ingilis səhər yeməyini, futbol yayımlarını və pivəni axtarmağa üstünlük verirlər.

Sorğuda iştirak edən ekspertlərin fikrincə, məsuliyyətli turist olmağın əsas göstəricisi səfər etdiyi ölkənin adət-ənənələrinə və mədəniyyətinə hörmətlə yanaşmaqdır.

Aydın

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->