Xəbər lenti

Düşməni qorxudan layihə: Egey dənizindən Xəzər hövzəsinə qədər...
Siyasət 12:44 21.06.2023

Düşməni qorxudan layihə: Egey dənizindən Xəzər hövzəsinə qədər...

"Hava məkanının birgə mühafizəsi Azərbaycanın hava sərhədlərinin təhlükəsizliyinə xidmət edəcək böyük bir təminat və şansdır”. 

Bunu Qaynarinfo-ya açıqlamasında bunu hərbi ekspert İbrahim Rüstəmli Türkiyə və Azərbaycanın hava məkanlarına ortaq nəzarəti həyata keçirməsinin, birgə təhlükəsizlik zonası qurulmasının əhəmiyyətini şərh edərkən deyib. 

"Türkiyə ilə Azərbaycan digər sahələrdə olduğu kimi, hərbi sahədə də bir nömrəli strateji müttəfiqlərdir. Azərbaycan Silahlı Qüvvələrinin yaranması, formalaşması və inkişafında Azərbaycan-Türkiyə hərbi əlaqələrinin müstəsna əhəmiyyəti olub. Türkiyə ölkəmizin ordu quruculuğu məsələsinə digər sahələrdə olduğu kimi, təmənnasız kömək göstərən qardaş dövlətdir. Türkiyə-Azərbaycan hərbi əlaqələrinin genişlənməsi ölkəmiz üçün çox önəmlidir. Türkiyə ordusu NATO-nun döyünən ürəyi, vuran əlidir. 



Son hadisələr də göstərir ki, ordu quruculuğu, hərbi sənayenin inkişafında Türkiyə mühüm irəliləyişlərə nail olub. Bu kontektdən çıxış edərək deyə bilərik ki, Türkiyə ilə hərbi əlaqələr Azərbaycan üçün böyük önəm daşıyır. Xüsusən də ona görə önəm daşıyır ki, Azərbaycan dörd tərəfdən düşmən ölkələrlə əhatə olunub. Hava məkanının birgə mühafizəsi deyiləndə müasir hərbi havadanlıqlardan, hava hücumundan müdafiə, hərbi-hava qüvvələrindən söhbət gedir. Türkiyə hava hücumu, hava mühafizəsi, hava sərhədlərinin qorunması istiqamətində istehsal etdiyi hərbi cəbhəxanasına, həm də kadr potensialı baxımından öndə gedən dövlətlərdəndir. Ona görə də sözügedən məkanın Türkiyə ilə birgə mühafizəsi Azərbaycana böyük üstünlüklər qazandıracaq. Türkiyə-Azərbaycan birliyi günü-gündən inkişaf edir ki, onun da arxasında həm də ölkəmizin təhlükəsizliyi, Ordumuzun döyüş qabiliyyətinin daha da artırılması dayanır. Bu sahədə birgə fəaliyyət ölkəmiz üçün böyük şansdır”, deyə ekspert bildirib.

Qeyd edək ki, Türkiyə və Azərbaycan ortaq "HAKİM” Hava Komandanlıq İdarəetmə Sistemi layihəsini həyata keçirir. Bu barədə mətbuata məlumat verən Türkiyə Müdafiə Sənayesi İdarəsinin rəisi Haluk Görgün layihənin detallarını da açıqlayıb. O qeyd edib ki, "HAKİM” Hava Komandanlıq və İdarəetmə Sistemi layihəsi Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin birgə həyata keçirdiyi ən kritik layihələrindən biridir: 

"Bu layihə ilə hər iki ölkənin hərbi-hava qüvvələri birgə əməliyyatlar həyata keçirmək, eləcə də Azərbaycan hava məkanına nəzarət etmək imkanı əldə edir. Bu səbəbdən də sözügedən layihənin şüarını Ümummilli Lider Heydər Əliyevin şüarına uyğunlaşdıraraq "İki dövlət, bir millət, bir hava məkanı” kimi qoymuşuq”. 

Haluk Görgün onu da vurğulayıb ki, bu layihə tam reallaşdıqda, birgə hava məkanına nəzarət zonası Egey dənizindən Xəzər hövzəsinə qədər ərazini əhatə edəcək. 

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->