Xəbər lenti

Elbəy Ağayevdən masterr class: 2026-cı ilin saç dəbləri təqdim olundu (FOTOLAR)
Foto 17:44 08.06.2026

Elbəy Ağayevdən masterr class: 2026-cı ilin saç dəbləri təqdim olundu (FOTOLAR)

Azərbaycanın tanınmış saç ustası Elbəy Ağayevin "ELBEY Global Masterclass 2026” tədbiri keçirilib.

Qaynarinfo xəbər verir ki, Park Bulvarda yerləşən "Hayal kafesi" salonunda baş tutan tədbirə 400-ə yaxın nümayəndə qatılıb. Onların arasında Rusiya, Gürcüstan, Qazaxıstan və digər qonşu ölkələrdən gələn iştirakçılar da olub.

Tədbirdə çıxış edən Elbəy Ağayev əvvəlcə jurnalistləri salamlayıb. Saç ustası bildirib ki, "ELBEY Global Masterclass 2026” Azərbaycanda keçirilsə də, qlobal əhəmiyyət daşıyır:

"Dünyanın bir çox ölkəsindən qonaqlarımız var. Çox sağ olun ki, dəvətimizi qəbul edib gəlmisiniz. Biz əlimizdən gəldiyi qədər Azərbaycanın adını daha uca zirvələrdə tanıtmağa çalışırıq. Saç ustalığı sıradan bir sənət deyil. Əvvəllər təhsil almaq üçün xarici ölkələrə gedirdik. Artıq qlobal master-klass Azərbaycandadır. Sevindirici haldır ki, bir çox ölkədən nümayəndələr bu gün keçirdiyimiz master-klassda iştirak edir. Bu, bizim üçün böyük uğurdur. Fürsətdən istifadə edərək onların hər birinə təşəkkür edirəm”.

Elbəy Ağayev Azərbaycanın digər saç ustalarından nə ilə fərqləndiyi barədə suala belə cavab verib:

"Əslində, Elbəyin digər ustalardan heç bir fərqi yoxdur. Biz komandamızla birlikdə fasiləsiz çalışmağı və daim öz üzərimizdə işləməyi seçmişik. Bu master-klassa qatılan iştirakçılar 2026-cı ilin saç dəbləri və rəng trendləri ilə tanış oldular. İnanıram ki, bu tədbirin əhəmiyyəti böyük olacaq. Əgər bu dərs sıradan bir master-klass olsaydı, bu qədər iştirakçını və qlobal səviyyəli qonaqları bir araya toplamaq çətin olardı. Çox sevinirik ki, buna nail olduq”.

Elbəy Ağayev 2027-ci ildə qlobal master-klassın Dubayda keçiriləcəyini də xüsusi vurğulayıb:

"Bundan əvvəl Elbəy olaraq başqa bir şirkətlə birlikdə ölkə xaricində kiçik master-klasslarımız keçirilib. Böyük bir layihəmiz var. Bu dəfə hədəfimiz Azərbaycanın hüdudlarından kənara çıxmaqdır. Layihə gələn il — 2027-ci ildə Dubayda reallaşacaq”.

Sonda Elbəy Ağayev qlobal tədbiri işıqlandırdıqlarına görə jurnalistlərə təşəkkür edib.

Bahar Rüstəmli
--> -->