İdman 13:59 07.12.2023

Əliyar Ağayev narahat deyil: “Yunanıstanda heç bir təzyiqlə üzləşməmişəm”

Ötən gün xarici KİV-də Yunanıstan futbolunda hakimlərin üsyan etməsi barədə xəbərlər yayıldı. Məsələ burasındadır ki, sözügedən ölkədə hakimlər tez-tez azarkeşlərin şiddətli hücumlarına məruz qalır. Demək olar hər oyunda hədələrlə üzləşirlər. Azarkeşlərin bəzi hakimlərin şəxsi obyektlərinə, evlərinə hücumlarını, ailələrinə hədə-qorxu gəlməsini əsas gətirən fit sahibləri Yunanıstan Futbol Federasiyasına məktubla müraciət edib. Onlar təhlükəsizlik təmin olunana qədər heç bir Superliqa matçını idarə etməyəcəklərini bildiriblər.

Ümumiyyətlə çılğınlığı ilə seçilən yunan azarkeşlərin bu kimi etirazları çox olduğundan, illər öncə federasiya çempionata xarici hakimlər gətirməklə bağlı qərar qəbul edib. Demək olar ölkədə prinsipial oyunların hər birini məhz əcnəbi hakimlər idarə edir. Belə hakimlərdən biri də, azərbaycanlı FIFA referisi Əliyar Ağayevdir. 

Hər mövsüm Yunanıstan çempionatına dəvət alan hakimlərdən olan Ağayev sözügedən problemlə bağlı münasibətini bildirib. Qaynarinfo-ya açıqlamasında orada olduğu müddətdə heç bir təzyiqlə üzləşmədiyini söyləyib:

"Saytları oxudum, amma bu barədə detallı məlumatım yoxdur. Yəqin təzyiq olur deyə çempionata əcnəbi hakimlər dəvət edirlər. Bu mövsüm Yunanıstana getməmişəm hələ ki. Həm də bu barədə detallı danışmağım düzgün çıxmaz. Lakin sırf öz oyunlarım barədə soruşursuzsa, Yunanıstanda olduğum müddətdə heç bir təzyiqlə üzləşməmişəm. Deyim ki, azarkeşlər mənə qarşı nəsə ediblər, belə deyil".

Təcrübəli FIFA referisi buna baxmayaraq, Yunanıstanda oyun idarə etməklə bağlı narahatlıq keçirmədiyini vurğulayıb. O, dəvət gələrsə, qəbul etməkdə heç bir problem olmayacağını deyib:

"Bu mövsüm getməmişəm. Normalda yanvardan sonra gedirdim. Dəvətnamə gəlir, təbii ki, bizim Hakimlər Komitəsi UEFA-nın razılığı əsasında məqbul sayırsa, problem yoxdur, gedirik. İdarə etdiyim oyunlar ərzində heç bir mənfi halla rastlaşmamışam deyə narahatlıq yoxdur”.

Səbuhi Həsənov