XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Krallıq toyu: Gəlin ailə kolleksiyasındakı qiymətli zinət əşyaları ilə diqqət çəkdi (FOTO)
Maqazin18:08 22.08.2026

Krallıq toyu: Gəlin ailə kolleksiyasındakı qiymətli zinət əşyaları ilə diqqət çəkdi (FOTO)

Kral ailələrinin toyları dəbdəbəsi, gəlinlikləri və qiymətli zinət əşyaları ilə həmişə böyük maraq doğurur.

Qaynarinfo xəbər verir ki, Malayziyada keçirilən sonuncu kral toylarından biri isə təmtəraqlı mərasimi və gəlinin taxdığı qiymətli zinət əşyaları ilə diqqət çəkib.

Bu möhtəşəm toyun qəhrəmanları Malayziyanın keçmiş kralı Sultan Abdullahın 29 yaşlı qızı İlyana Alia və 32 yaşlı britaniyalı avtomobil yarışçısı Kristofer Lionel Froqatt olub. Kuala-Lumpurda keçirilən mərasimdə cütlük dəbdəbəli toy mərasimi ilə ailə qurub.

Keçmiş kral və aktrisa Culiya Raisin qızı olan şahzadə İlyana Alia toy mərasimində iki fərqli gəlinlik geyinib. O, hər iki libası gözqamaşdıran taclar və qiymətli zinət əşyaları ilə tamamlayıb.

Görünür, ailənin milyardlarla dollar dəyərində olduğu bildirilən zinət əşyaları kolleksiyasından istifadə etmək üçün bütün imkanlar gəlinin ixtiyarına verilib.

Kristallarla və müxtəlif qiymətli daşlarla bəzədilmiş hər iki gəlinlik malayziyalı dizayner Radzuan Radzvilin imzasını daşıyırdı.

İlyana Aliyanın bədənini zərif şəkildə əhatə edən gəlinlikləri bir yana, başına taxdığı tac və boynundakı müxtəlif boyunbağılar da xüsusi diqqət çəkib.

Kristofer Lionel Froqattın da Malayziyanın yerli üslubunu əks etdirən geyim seçdiyi mərasimdə İlyana Alia nikah üçün krujeva detallı gəlinliyə üstünlük verib. O, zərif duvağını ailəsinə məxsus brilyant tacla tamamlayıb.

Bir vaxtlar kraliça Azizanı bəzəyən bu brilyant tac incə görünüşünə baxmayaraq, ağır və son dərəcə qiymətli olub.

Art-deko üslubundakı tacla yanaşı, İlyana Alia uzun saçaqlı brilyant boyunbağı da taxıb. Zümrüd sırğalar və zümrüd boyunbağı da onun görünüşünün əsas elementləri olub.

Brilyant və zümrüdlərdən ibarət boyunbağının uzun saçaqlı brilyant zinət əşyasının gözəlliyini kölgədə qoymaması üçün gəlin boyunbağının bir hissəsini gəlinliyinin yaxasının altında saxlayıb. Beləliklə, gözqamaşdıran zümrüdlərin yalnız bir hissəsi görünürdü.

İlyana Alia toy mərasiminin davamında ikinci gəlinliyini geyinib və daha böyük, həmçinin simvolik əhəmiyyəti olan başqa bir tac taxıb.

İki il əvvəl başqa bir gəlinin başını bəzəyən bu tac da keçmiş kraliça Azizaya məxsus kolleksiyadan idi. XIX əsrə qədər uzanan tarixə malik tac neoklassik üslubda hazırlanıb və brilyantlarla bəzədilib.

Əl işi naxışlarla işlənmiş ikinci gəlinliyini də İlyana Alia brilyant sırğalar, brilyant boyunbağı və boynunda daşıması kifayət qədər çətin görünən ağır medalyonla tamamlayıb.

Beləliklə, Malayziyada keçirilən bu kral toyu yalnız cütlüyün nikahı ilə deyil, gəlinin ailəsinə məxsus nadir və olduqca qiymətli zinət əşyalarının nümayişi ilə də yadda qalıb.

Aydın