Siyasət 15:27 17.09.2022

ŞƏT-in Səmərqənd sammiti: Bir-biriylə düşmən ölkələr Qərbə qarşı birləşir?

Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Səmərqənddə iki gün davam edən toplantısı artıq başa çatıb. Sammitin yekunu olaraq Səmərqənd bəyannaməsi qəbul edilib. Bəyannamədə ŞƏT-in beynəlxalq siyasət, iqtisadiyyat və bir sıra digər aspektlər üzrə mövqeyinə dair əhatəli siyasi məqamlar öz əksini tapıb. Sammitdə həmçinin təşkilatın 2023-2027-ci illər üçün planı, "Bir kəmər, bir yol” layihəsi də müzakirə olunub. Habelə, İranın təşkilata üzv qəbul olunub. Bundan başqa, toplantıya gələn müxtəlif ölkələrin dövlət başçılarının təkbətək görüşləri də olub. Azərbaycan prezidenti Rusiya prezidentilə görüşüb. Səmərqənd görüşü nəyə lazım idi? Görüş fonunda nə baş verdi?

Qaynarinfo-ya açıqlamasında politoloq Tural Rzayev deyir ki, ŞƏT-in Səmərqənd sammitinə Asiya ölkələrinin Qərbin təzyiqlərinə qarşı birlik yaratmaq təşəbbüsü kimi baxmaq olar:

"İndi bir çox Asiya ölkəsi Qərb tərəfindən sıxışdırılır. Asiya ölkələri Rusiyaya Qərb tərəfindən sanksiyalar qoyulub. Moskva bu müstəvidə, demək olar, bütün dünyadan təcrid olunub. Eyni şəkildə Çin üzərinə də artan təzyiqi müşahidə edirik. Tayvan ətrafında gərginlik yaradıldı. Çinə qarşı Yaponiya, Avstraliya və anqlosankon birliyindən ibarət blok yaradılıb. İrana qarşı da Qərbin tutduğu mövqe bəllidir. 
 


Bu mənada ŞƏT-in Səmərqənd sammitinə əslində Asiya ölkələrinin birlik nümayişi kimi baxmaq olar. Digər dövlətlər Rusiya ilə birlikdə təşkilatlanaraq Qərbə qarşı mübarizə aparırlar. Bu tək Qərb Asiya qarşıdurması deyil, eyni zamanda rejimlərin də qarşıdurmasıdır. Asiya ölkələrinin, demək olar ki, hamısında Qərbdə olan liberal dəyərlər oturuşmayıb. Ona görə də ŞƏT-in son sammitinə sistemlərin mübarizəsi kimi də baxmaq olar. Uzun müddət Çinlə Rusiya, habelə Moskva ilə Tehran arasında yaxınlaşma var idi. Amma artıq bu yaxınlaşma da sətir altına gəlib. Bəs Türkiyəni Çin və ya Rusiya ilə nə bağlaya bilər? Onlar arasında kəsişməyən nöqtələr də kifayət qədərdir. Uyğur məsələsində Ankara ilə Pekin arasında problemlər yaşanır. Qazaxıstan və Orta Asiyada Çinlə Rusiyanın marağı kəsişir. Pakistan və Hindistan isə hələ də bir-birilə konfliktdədir. Hindistanla Çin də həmçinin”. 

ŞƏT üzvü ölkələri arasında düşmənçiliyin oldğunu əsas gətirən həmsöhbətimiz bu təşkilatın ciddi iqtisadi və hərbi birliyə çevriləcəyinə inanmır: 

"Ona görə də sammitdə əsas məsələ müvəqqəti olaraq bütün ölkələr arasında olan problemləri unudub, ABŞ-ın təzyiqlərinə davam gətirməyə hesablanıb. Amma sammitdə iştirak edən dövlətlərin aralarında olan düşmənçiliyi kənara qoyub-qoymayacaqlarını zaman göstərəcək. Elə sammit dövründə Tacikistanla Qırğızıstan arasında atışma olub. Bunun özü təşkilatın ciddi bir birliyə malik olmadığının göstəricisidir”.

Rüfət Sultan