"Fənərbağça"nın prezidenti Ali Koç və rəhbərlik sabitliyin qorunması üçün Joze Mourinyo ilə yola davam etməyə qərar verib.
Qaynarinfo "Hürriyet"ə istinadən xəbər verir ki, portuqaliyalı mütəxəssisin köməkçi heyətində isə mühüm dəyişikliklərin ediləcəyi gözlənilir.
"Fənərbağça"da idman direktoru Mario Branko ilə yolların ayrılmasından sonra diqqətlər baş məşqçi Joze Mourinyoya yönəlib. Klub rəhbərliyi Mourinyo ilə davam etməyə tam qərarlıdır və bu istiqamətdə heç bir tərəddüd yaşamır. Prezident Ali Koç daha öncə canlı yayımda verdiyi açıqlamada "Mourinyonun qazandıqlarını heç kim inkar edə bilməz. Avropa çempionluğu da var. Mourinyo, Mourinyodur. Bunu müzakirə edə bilmərik. İnanıram ki, Mourinyo "Fənərbağça"nı çempion edəcək" sözləri ilə bu qərarını açıq şəkildə ifadə etmişdi.
Portuqaliyalı baş məşqçi ilə davam olunsa da, texniki heyətdə dəyişiklik ediləcək. "Fənərbağça" rəhbərliyi yeni mövsüm öncəsində Mourinyonun köməkçiləri arasına klubun sabiq futbolçularından birinin daxil edilməsinin faydalı olacağı qənaətindədir. Mourinyoya bu istəklərini məcburi şəkildə deyil, təklif kimi bildirən rəhbərlik müsbət cavab aldıqdan sonra axtarışlara başlayıb.
Köməkçi məşqçi kimi gündəmdə olan adlar arasında Tuncay Şanlı, Gökhan Gönül və Mert Nobre öndə gələn namizədlərdir. Bu addım, həm azarkeşlərlə bağın gücləndirilməsi, həm də klubun ruhunun qorunması baxımından mühüm sayılır.
Portuqaliyalı baş məşqçi bu il komandasında yaşanan bəzi problemlər səbəbilə köməkçi heyətindən 4 nəfərin ayrılmasını istəyib. Bu adlar arasında Salvatore Foti, Stefano Rapetti, Luka Fatiga və Covanni Serra yer alır. Mourinyo bu şəxslərin əslində onun əsas seçimləri olmadığını rəhbərliyə bildirib.
Onların yerinə isə Mourinyonun əvvəllər "Mançester Yunayted"də birlikdə çalışdığı iki tanınmış mütəxəssisin "Fənərbağça"ya gəlməsi gözlənilir. Onlardan biri uzun illər Mourinyonun əsas köməkçisi olmuş Rui Faria, digəri isə həm "Real Madrid", həm də "Mançester Yunayted" dövründə onunla birlikdə fəaliyyət göstərmiş Karluş Lalin olacaq.
Aydın
Şərhlər