Səbuhi Həsənov
İdman 15:40 04.10.2021

Fubolu "öldürdünüz", barı himnimizə dəyməyin!

Azərbaycan Premyer Liqasının 6-cı turu da geridə qaldı. Təbii ki, artıq çempionatın səviyyəsi ilə bağlı dərin-dərin analizlər aparmağa, geniş şəkildə nələrisə yazmağa lüzum görünmür. Hər şey göz qabağındadır. Çünki illərdir futbolsevərlər eyni şeyləri görür, idman mediası aşağı-yuxarı eyni mövzularda yazır. AFFA, xüsusən də qurumun İcraçı vitse-prezidenti Elxan Məmmədov demək olar, hər gün tənqid olunur. İstər millimizin oyunlarından, istərsə də çempionatakı matçlardan sonra. "Çempionat” yazdım, siz Bakı liqası kimi oxuyun…

 

İllərdir Birinci Diviziondan Premyer Liqaya komanda yüksəlmir. Aşağı dəstənin nə hörməti, marağı, nə də "bataqlıq”dan fərqi qalıb. Formal çempionata çeviriblər. Soruşan olsa, desinlər ki, bizdə də "Birinci Divizion” var. Hər iki çempionatda komandaların sayını azaldıblar. Uşaq futbolu yox səviyyəsində, rayonlarda vaxtilə böyük oyunların keçirildiyi stadionlar ağzıgünə qalıb, meydançalarında heyvan otarılır. Millilərin durumundan isə danışmağa ehtiyac yoxdur. Hər dəfə qapazaltı edilirlər, üzlərinin suyu axa-axa evlərinə göndərilirlər. Bütün bunların fonunda AFFA-dan kimlərinsə mətbuata danışanda işlətdikləri "inkişaf”, "çiçəklənmə”, "potensial”, "perspektiv” kimi sözlərini də eşitməkdən qulaqlarımız "yorulub”. "Kimlərinsə” deyəndə, vaxtilə Azərbaycan futbolunda ad-san qazanmış, hazırda isə qurumun boz rəngli binasında oturub vəzifəsini itirməkdən qorxan, faydasız işlərlə məşğul olan futbol adamlarını nəzərdə tuturam. Yəni hər il eyni şeyləri görməkdən, eyni sözləri eşitməkdən bezmişik. Nə isə, bunlar başqa və daha geniş yazıların mövzusudur.

 

Mən fərqli məsələyə, daha doğrusu, cari mövsümdən tətbiq edilən başqa bir "yeniliyə” toxunmaq istəyirəm. Yəqin ki, Premyer Liqa oyunlarını izləyənlər hər dəfə matç başlamamış Azərbaycan himninin sədalarını eşidir. Bəli, dövlətimizin rəmzlərindən olan, müqəddəs hesab etdiyimiz himnimizin! Bu sədaları eşitmək əlbəttə, hər zaman xoşdur. Amma hər oyunda onu səsləndirib estrada musiqisi səviyyəsinə salmaq lazım deyil. Bu, nə beynəlxalq, nə də milli səviyyəli oyundur. Adi 8 komandalı Bakı çempionatının bir matçıdır. Hansı ki, himnimiz heç belə çempionata yaraşmır da. Futbolçular da birinci sinif uşaqları deyil ki, hər dəfə onlara himni dinlədib əzbərlədəsiniz. Guya bu "ideyanın” mahiyyəti nədir ki? Vətənpərvərlik, ya nə? Biz qələbəmizi Qarabağda qazanmışıq zatən. Bilmirəm, kim çıxarıb özündən, amma bu, Premyer Liqa ilə bağlı ən bərbad ideyadır... Lazım deyil, vallah-billah ehtiyac yoxdur. Himnin meydanda səsləndirilməsi o zaman möhtəşəm alınar ki, tribunalar ağzınacan dolu olsun və hər bir azərbaycanlı ayağa qalxsın, əlini ürəyinin üstünə qoysun. Bizim Premyer Liqanın oyunlarına isə barmaqla sayılacaq qədər adam gəlir, onların da yarısı əcnəbi futbolçuların yaxınları, dost-tanışları. Demək olar, boş tribunalar qarşısında himnin səsləndirilməsi, vallah, kənardan baxanda heç də xoş mənzərə deyil. İnanmıram ki, hansısa ölkənin çempionatında himni belə ucuzlaşdırsınlar.

 

AFFA-nın boz binasındakı otaqlarında yayxanıb oturan hörmətli bəylər, onsuz da futbolumuzu yetərincə gözdən salmısınız, dünyada bizi biabır etmisiniz. Azərbaycan futbolu deyəndə əksəriyyət gülür, ağız büzür, yuxarıdan-aşağı baxır, saymır, lağ edir. Çünki fəaliyyətdə olduğunuz uzun illər boyu Azərbaycan futbolunu dünyada saydırmağı, hörmətini yüksəltməyi bacarmamısınız. Nəinki dünyada, heç ölkənin özündə belə sevdirə bilməmisiniz. Sevənlərin də əksəriyyəti ömrünü futbola həsr etmiş insanlardır. Bütün futbolumuzun yükünü isə demək olar təkcə "Qarabağ” daşıyır. Qurban Qurbanovun komandası "ölünün sümüklərini” çiyinlərindən yerə qoymur…

 

Barı himnimizə dəyməyin. Onu da gözdən salmağa çalışmayın. Hərçənd çalışsanız belə, bunu bacara bilməyəcəksiniz…

 

Səbuhi Həsənov