XƏBƏR LENTİ

09:20
Kölgə

Şərhlər

Xəbər lenti

09:20
Kölgə
Fransa çimərliklərində zəhərli dəniz canlıları peyda oldu
Dünya12:25 18.08.2026

Fransa çimərliklərində zəhərli dəniz canlıları peyda oldu

Güclü zəhəri ilə tanınan və sancması insan üçün ciddi təhlükə yarada bilən portuqal gəmiləri Fransanın cənub-qərbindəki çimərliklərə kütləvi şəkildə çıxmağa başlayıb.

Qaynarinfo xarici mediaya istinadən xəbər verir ki, iyul ayından etibarən Akvitaniya sahillərində bu canlıların sahilə çıxması halları artıb. Yalnız Bask ölkəsində 1 100-dən çox sancma qeydə alınıb və onlarla çimərlikdə çimmək qadağan edilib.

Portuqal gəmisi (Physalia physalis) görünüşünə baxmayaraq, meduza deyil. O, bir-biri ilə simbioz şəraitində yaşayan orqanizmlər koloniyasından ibarət sifonofordur.

Canlının göyümtül, jeləbənzər hissəsi 10-30 santimetr ölçüsündə olur. Səthin altında görünməyən çadırları isə 30 metrə qədər uzana bilir. Bu çadırların üzərində zəhər ifraz edən xüsusi hüceyrələr yerləşir.

Onun sancması güclü ağrı və yanma hissinə səbəb ola bilər. Ağrı iki saata qədər davam edə, ağır hallarda isə huşun itirilməsi, əzələ spazmları və tənəffüs çətinliyi yarana bilər.

Fransa Dəniz İstismarının Tədqiqat İnstitutunun (IFREMER) tədqiqatçısı Elvir Antajan bildirib ki, əsas təhlükələrdən biri sancılan şəxsin sahilə qayıda bilməməsidir:

“Əgər insanlar sahildən çox uzağa üzürlərsə və onları meduza sancırsa, ağrı o qədər güclü ola bilər ki, onlar geri qayıda bilməz və boğula bilərlər”.

Bask ölkəsi administrasiyasının nümayəndəsi Karolin Sarrad isə belə miqyasda sahilə çıxma hallarının əvvəllər müşahidə edilmədiyini deyib:

“Biz əvvəllər heç vaxt bu miqyasda və tezlikdə sahilə çıxma hallarını görməmişdik. Portuqal gəmisi həmişə mövcud olub, lakin yalnız arabir sahilə çıxırdı”.

Mütəxəssislər bildirirlər ki, bu canlıların yay aylarında bölgədə görünməsi qeyri-adi deyil. Bu il əsas diqqət çəkən məqam onların sahilə çıxma tezliyinin artmasıdır.

Portuqal gəmisi əsasən tropik və subtropik sularda, o cümlədən Karib dənizi və Meksika körfəzində yaşayır. Alimlər hazırda onların kütləvi şəkildə sahilə çıxmasının səbəblərini, o cümlədən iqlim dəyişikliklərinin mümkün təsirini araşdırırlar.

Günay